Neft qiymətləri aşağı düşür, dollar isə yüksəlişə keçib

Nüvə danışıqları gözləntisi bazarları hərəkətə gətirdi

By
Neft qiymətləri aşağı düşür, dollar isə yüksəlişə keçib / Reuters

Fevralın 2-də (bu gün) ABŞ–İran gərginliyinin azalması fonunda neft qiymətləri kəskin şəkildə ucuzlaşıb. Qiymətli metallar isə ötən həftə Donald Trampın ABŞ Mərkəzi Bankı olan Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə faiz siyasətində sərt mövqeyi ilə tanınan şəxsi təyin etməsi nəticəsində dolların möhkəmlənməsi ilə bağlı ciddi dalğalanmalar yaşayıb.

Bu geriləmə səhm bazarlarına da təsir göstərib. Regional indekslərin əksəriyyəti “Wall Street”dəki enişi izləyərək, texnologiya sektoruna dair yeni narahatlıqlar fonunda yanvarın 30-da əlavə itkilərlə üzləşib.

ABŞ prezidentinin İrana qarşı hər hansı hücumun regional miqyasda münaqişəni alovlandıra biləcəyi barədə xəbərdarlıq etməsindən sonra Tehran rəhbərliyi ilə razılaşma ümidlərinin ifadə olunması Asiya bazarlarının erkən saatlarında hər iki əsas xam neft kontraktının üç faizdən çox dəyər itirməsinə səbəb olub.

Rəsmi Vaşinqton ötən ay hökumət əleyhinə etirazlara qarşı həyata keçirilmiş ölümcül müdaxilə səbəbilə son həftələrdə İran rəhbərliyini tənqid edib. Donald Tramp Tehran hakimiyyətini bir tərəfdən hərbi əməliyyatlarla hədələyib, digər tərəfdən isə bir aviadaşıyıcı döyüş qrupunun Yaxın Şərqə göndərilməsi barədə göstəriş verib.

D.Tramp eyni zamanda İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunması üçün səylərin davam etdirildiyini də bildirib.

İranın ali dini rəhbəri Əli Xamenei fevralın 1-də ölkədəki etirazları “dövlət çevrilişi”nə bənzədərək, mümkün ABŞ hücumunun genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Ə.Xamenei qeyd edib ki, əgər ABŞ hücuma keçərsə, bu dəfə regional müharibə olacaq.

İran liderinin bu açıqlaması ilə bağlı suala cavab verən Donald Tramp fevralın 1-də jurnalistlərə deyib: “Əlbəttə, bunu deyəcək. Ümid edirik ki, razılaşma əldə edərik. Əgər razılaşma olmazsa, bunun doğru olub-olmadığını görərik.”

 

Dollar sıçrayış edib

Neft qiymətlərinin enməsinə Donald Trampın ABŞ Mərkəzi Bankının rəhbərliyinə Kevin Uorşun gətirildiyinə dair xəbərlərdən sonra dolların möhkəmlənməsinə də təsir göstərib.

ABŞ prezidenti keçmiş Morqan Stanley investisiya bankiri və Federal Ehtiyat Sisteminin sabiq rəhbər şəxslərindən biri olan Kevin Uorş barədə bildirib ki, o, Federal Ehtiyat Sistemi tarixində ən güclü rəhbərlərdən biri, bəlkə də ən yaxşısı kimi xatırlanacaq.

Qeyd edək ki, Kevin Uorşu inflyasiya ilə ən sərt mübarizə aparacaq şəxs kimi qiymətləndirilir. Bu isə dolların dəyərini dəstəkləyən sərt pul siyasəti gözləntilərini artırır.

Bu təyinat, hazırkı Federal Ehtiyat Sistemi sədri Cerom Pauellin faiz dərəcələrini prezidentin istədiyi templə azaltmaq istəməməsi səbəbilə ona yönəlmiş tənqidlərdən sonra qurumun müstəqilliyi ilə bağlı son dövrlərdə yaranmış narahatlıqları da müəyyən qədər azaldıb.

Xəbərin yayılmasından sonra dollar, ötən həftə Ağ Evin zəif dollar siyasətinə dair açıqlamasından sonra yaşadığı kəskin enişi kompensasiya edərək ümumi yüksəliş trendinə keçib.

Kevin Uorşun faiz dərəcələrini yüksək səviyyədə saxlamağa daha meyilli olduğu düşünülsə də, “SPI Asset Management” şirkətinin nümayəndəsi Stiven İnnes bildirib ki, insanlara dünyanın ən güclü mərkəzi bankının idarəetmə səlahiyyətləri onu həmin vəzifəyə gətirənlərin izlədiyi yolun tam əksinə hərəkət etmək niyyəti ilə verilmir.

 

Qiymətli metallar

Açıqlamalar yanvarın 30-da dollarla dəyərləndirilən qiymətli metalların kəskin ucuzlaşmasına səbəb olub. Qızıl bir mərhələdə 12 faizə qədər, gümüş isə 30 faizdən çox dəyər itirib.

Fevralın 2-də (bu gün) itkilər daha da dərinləşib. Qızıl 6 faizə çatan enişlə 4.586 dollara qədər geriləyib, gümüş isə qısa müddət ərzində təxminən 11 faizlik itki ilə 75 dollara düşüb.

Hər iki metal cüzi bərpa nümayiş etdirsə də, ötən həftə qeydə alınmış 5.595 və 121 dollarlıq rekord səviyyələrdən xeyli aşağıda qalıb.

İranla bağlı gərginliyin azalması qeyri-müəyyənlik dövrlərində təhlükəsiz sığınacaq hesab edilən qızıl və gümüş üzərində satış təzyiqini artırıb.

Qeyd edək ki, “Wall Street”də baş verən satış dalğasından sonra süni intellekt sahəsinə yönəldilən iri həcmli investisiyaların nə dərəcədə əsaslı olduğu ilə bağlı yeni narahatlıqlar yaranıb. Bu fonda investorların gəliri nə vaxt əldə etməyə başlayacağı ilə bağlı qeyri-müəyyənliklər səbəbindən səhm bazarlarının əksəriyyətində eniş qeydə alınıb.