Türkiyə dövləti KDR və Ruanda arasında imzalanmış sülh razılaşmasını alqışladı

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ və Qətər başda olmaqla, prosesə töhfə verən bütün tərəflərin diplomatik səyləri təqdir edilir

By
Türkiyə dövləti KDR və Ruanda arasında imzalanmış sülh razılaşmasını alqışladı / TRT World and Agencies

Türkiyə dövləti Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasında əldə olunan sülh razılaşmasını məmnunluqla qarşılayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi dekabrın 5-də yaydığı açıqlamada qeyd edib: “Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasında imzalanmış Vaşinqton Sülh və Rifaha Dair Razılaşmaları məmnuniyyətlə qarşılayırıq. ABŞ və Qətər başda olmaqla, prosesdə rol oynayan bütün aktorların diplomatik səylərini təqdir edirik.”

Açıqlamada həmçinin ifadə olunub ki, bu razılaşmalar KDR-nin şərqində illərdir davam edən münaqişənin dayanıqlı şəkildə həllinə və Böyük Göllər bölgəsində sabitliyin təmin olunmasına töhfə verməsi ümid edilir.

Nazirlik həmçinin bəyan edib ki, Türkiyə dövləti Afrikada sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına yönələn təşəbbüsləri dəstəkləməyə davam edəcək.

 

Minlərlə insan həlak olub, milyonlarla sakin evsiz qalıb

KDR və Ruanda dövlət başçıları dekabrın 5-də ABŞ-ın vasitəçiliyi ilə uzun illərdir KDR-nin şərqini qeyri-sabitliyə sürükləyən qarşıdurmanı dayandırmaq məqsədilə sülh və iqtisadi əməkdaşlıq sazişi imzalayıblar. Ruanda dövləti tərəfindən dəstəklənən “M23” silahlı qruplaşmasının illərdir davam edən hücumları ölkənin şərq hissəsini tamamilə qeyri-sabit vəziyyətə salıb.

Kinsasa hakimiyyəti və BMT-nin məlumatlarına əsasən, KDR-nin şərqində onilliklərdir davam edən zorakılıqlar minlərlə insanın ölümü ilə nəticələnib, milyonlarla sakin isə öz evlərini tərk etməyə məcbur olub.

Xatırladaq ki, tərəflər arası münaqişə 2021-ci ildə “M23” silahlı qrupunun yenidən fəallaşaraq Konqo hökumət qüvvələrinə qarşı hücumlara başlamasından sonra alovlanıb.

BMT, rəsmi Kinsasa və digər beynəlxalq tərəflər qonşu Ruandanı “M23”ə dəstək verməkdə ittiham edir. Kiqali rəhbərliyi isə bu iddiaları qəti şəkildə rədd edir.