Heç olubmu ki, bir gün ərzində heç nə etmədiyiniz halda özünüzü tamamilə tükənmiş hiss edəsiz? Bədəniniz dincəlsin, amma zehniniz heç dayanmadan işləsin. Bu gün danışacağımız mövzu məhz bu haqdadır. Dövrümüzün çox da danışılmayan problemlərindən biri olan zehni yorğunluq.
Bugünkü buraxılışımızda klinik psixoloq, yazıçı Rabia Yavuzun “TRT Haber”ə verdiyi müsahibəsindən hazırladığımız bu xüsusi yayımda müasir dövr insanının zehni yükünü və həqiqi dincəlmənin nə olduğunu müzakirə edəcəyik.
Zehni yorğunluq nədir?
Rabia Yavuz zehni yorğunluğu belə tərif edir: beynin diqqət, qərarvermə və məlumat emalı sistemlərinin həddindən artıq istifadəsinə bağlı olaraq yaranan müvəqqəti funksional itkilər. Bəs bu nə deməkdir? Diqqət dağınıqlığı, fokuslanmaq proplemi, unutqanlıq və qərar vermə çətinliyi. Sadalanan bu hallar sizə də tanış gəlir?
Müasir dövürdə insanların zehni niyə bu qədər yorğundur?
Rabia xanımın fikrincə, zehni yorğunluq müasir həyatın mürəkkəbliyinin və informasiya çoxluğunun təbii nəticəsidir. Sosial şəbəkələr, elektron-poçtlar, fasiləsiz gələn bildirişlər.
Bu kimi məşğuliyyətlərə bağlı olmaq zehni daim ayıq vəziyyətdə saxlayır və təbii olaraq onu xeyli yorur.
Bir anlıq fikirləşin, səhər oyandığınız andan etibarən telefonu əlinizə alıb xəbərlərə, mesajlara, sosial şəbəkələrə daxil olursunuz. Buna bağlı olaraq gün ərzində bir sürü qərarlar verirsiniz. Nə yeyəcəyinizdən, hansı elektron-poçta əvvəl cavab verəcəyinizə, hansı paylaşımı bəyənib-bəyənməyəcəyinizə qədər yüzlərlə, bəlkə də minlərlə kiçik qərarlar.
Səssizlik insanları narahat edir
Bəli! Ən maraqlı məqam elə burasındadır. Səssizlik bizi narahat edir. Bəs niyə? Rabia Yavuz bunun müasir insan zehninin daim informasiya axınına məruz qalması ilə əlaqəli olduğunu bildirir.
“Səssizlikdə insan özünü boşluqda qalmış kimi hiss edir”, – deyə R.Yavuz bildirir. “Halbuki səssizlik daxili yenilənmənin bioloji əsasını yaradır. Bundan yararlanmayan insanlar üçün bir müddət sonra səssizlik artıq rahatlıq deyil, tam əksinə narahatlıq yartmağa başlayır.”
Yəni əslində insan ehtiyacı olan əsas şeydən uzaqlaşmış olur!
Psixoloji olaraq dincəlmək mümkündür?
Bu məsələylə bağlı Rabia Yavuzun cavabı belədir: “Psixoloji olaraq dincəlmək mümkündür; lakin bu, passiv deyil, aktiv bir fəaliyyət tələb edir.”
Bəli, dincəlmək belə səy tələb edir! Zehni dincəlmə təkcə məlumat axınından və ya hər hansısa bir məşğuliyyətdən şüurlu şəkildə uzaqlaşmaqla mümkündür.
Yəni daha aydın bir şəkildə ifadə etsək, zehni istirahətin əsas elementi rəqəmsal vasitələrdən uzaqlaşaraq təbiətdə vaxt keçirmək, həyatı hiss edərək yaşamaqdan ibarətdir.
“Bəs tətilə çıxmaq, problemi həlledir?” deyə soruşa bilərsiniz. Təəssüf ki, bu məsələ o qədər də asand deyil.
Rabia Yavuz xanım buna belə izah edir: “Tətil planlı olarsa, yenə də zehni yormağa davam edə bilər. Həqiqi zehni dincəlmə məlumat axınını və qərarvermə sayını azaltmaqla mümkündür.”
Yəni hər gün yeni bir şəhər, yeni bir muzey, fasiləsiz plan qurmaq, zehin üçün istirahətdən çox bir marafona çevrilə bilər.
Bəs Rəqəmsal dünya zehnə necə təsir edir?
Sosial şəbəkələr kimi ekran arxasında xeyli vaxt aparan tədbiqlər zehinə dincəlmək üçün yer buraxmadan daim məşğul edir. Bu isə diqqətin cəmlənməsini çətinləşdirir. Neçə dəfə bir şey oxuyarkən və ya izləyərkən özünüzü telefona baxdığınız yerdə fərq etmisiz?
Zehni tətil necə edilir?
Rabia Yavuzun fikrincə, zehnimizi istirahət etdirmək üçün boş keçən saatları faydalı məşğuliyyətlə dəyərləndirməli, təbiətdə vaxt keçirməli, ekranlardan şüurlu şəkildə uzaqlaşmalıyıq. Bu fəaliyyətlər zehni alfa dalğası rejiminə keçirir və onun dincəlməsini təmin edir.
Bəs əgər tətil etməyə imkan yoxdursa, onda necə? O zaman gündəlik həyatınızda kiçik dəyişikliklər edə bilərsiz: Məsələn bir stəkan çayı fərqində olaraq içmək, yəni o anı yaşayaraq zövq almaq belə zehni fasilə ola bilər. Qısa müddətli gəzintilər, təbiətlə təmas və nəfəs məşqləri zehni yeniləyir. Əsas məsələ bunları şüurlu şəkildə etməkdir.
Uşaqlı ailələr nə etməlidir?
Uşaqlı ailələr üçün vəziyyət daha da mürəkkəb ola bilər. Klinik psixoloq Rabia Yavuzun tövsiyəsi belədir: “Gündəlik vərdiş davranışlara qarşı müəyyən sərhədlər qoymaq lazımdır. Məsələn, fasilələr yaradılmalı, fərdi vaxtlar müəyyənləşdirilməlidir. Həyat yoldaşları arasında iş yükü bölüşdürülməlidir. Həmçinin hər bir yetişkin şəxs rəqəmsal detoks da tədbiq edə bilər.”
Unutmamaq lazımdır ki, siz dincəldikcə uşaqlarınız üçün həm fiziki, həm də psixoloji cəhətdən daha sağlam bir valideyn olursuz.
Zehni sağlamlığa laqeyd yanaşmanın təsirləri
Bununla bağlı Rabia Yavuz bildirir ki, zehni sağlamlığa uzun müddət laqeyd yanaşılması insanın ümumi həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. “Diqqət dağınıqlığı, yaddaş problemləri, tükənmişlik sindromu, qərarvermə bacarıqlarında zəifləmə kimi halların hamısı zehni laqeydliyin uzunmüddətli nəticələridir”, - deyə R.Yavuz qeyd edir.
Bəs bu gündən başlayaraq zehni dincəltmək üçün nə edtmək olar? Bununla bağlı Rabia Yavuzun tövsiyələri çox sadə, amma xeyli təsirlidir:
· Zamanı yavaşlatmaq üçün saata baxmamaq
· Anı yaşamağa çalışmaq
· Nəfəs məşqləri etmək
· Təbii və sakit mühitdə qısa gəzintilər etmək
· Musiqi dinləmək və yazı yazmaq
Zehni yorğunluq görünməz ola bilər, amma həqiqətdir. Bədənimiz kimi, zehnimizin də dincəlməyə ehtiyacı var. Həqiqi dincəlmə isə passiv şəkildə deyil, şüurlu bir şəkildə edilən fəaliyyətdir.
Bəlkə də artıq bu gündən etibrən çayınızı bir qədər fərqli şəkildə içməyə başlayarsız. Məsələn telefonunuza baxmadan, pəncərədən çölü izləyərək. Ya da sadəcə nəfəs alıb-verərək. Bir sözlə, o anki davranışın vərqində olaraq, daha şüurlu bir şəkildə. Çünki zehnimizin də dincəlməyə ehtiyacı var.


















