Türkiyə MN Qətərdə baş verən helikopter qəzası ilə bağlı bəyanat yaydı

Türkiyə Milli Müdafiə Nazirliyi Qətərdə baş verən helikopter qəzası nəticəsində ümumilikdə 7 nəfərin həlak olduğunu açıqlayıb

By
Türkiyə MN Qətərdə baş verən helikopter qəzası ilə bağlı bəyanat yaydı / AA

Türkiyə Milli Müdafiə Nazirliyi Qətərdə baş verən helikopter qəzası nəticəsində ümumilikdə 7 nəfərin həlak olduğunu açıqlayıb. Nazirliyin bəyanatına əsasən, həyatını itirənlər arasında Qətər Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin 1 əməkdaşı və ASELSAN-ın 2 texniki mütəxəssisi var.

Məlumata görə, iki ölkənin birgə hərbi missiyası çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb. Hadisədən sonra başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində helikopterin qalıqları və həlak olan şəxslərin cəsədləri tapılıb.

Açıqlamada Türkiyə ilə Qətər arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyətlərinin mövcud müqavilələr və planlar çərçivəsində fasiləsiz davam etdiyi vurğulanıb. Qəzanın dəqiq səbəblərinin Qətər rəsmiləri tərəfindən aparılan araşdırmalardan sonra aydınlaşacağı bildirilib.

Nazirlik həyatını itirənlərin ailələrinə, Türkiyə və Qətər Silahlı Qüvvələrinə, eləcə də ASELSAN kollektivinə və hər iki ölkənin xalqına dərin hüznlə başsağlığı verib.