H.Fidan: "Türkiyə Qəzzada məsuliyyət götürməyə hazırdır"

Türkiyə XİN rəhbəri bildirib ki, rəsmi Ankara lazım gələrsə əsgər göndərməyə və atəşkəs mexanizmlərində aktiv rol almağa hazırdır

By
H.Fidan: "Türkiyə Qəzzada məsuliyyət götürməyə hazırdır"

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan noyabrın 15-də “A Haber” telekanalının canlı efirində Qəzza məsələsiylə bağlı çıxış edərək deyib: “Türkiyə Qəzzada məsuliyyət götürməyə hazırdır və əsgər göndərmək də daxil olmaqla bu məsələdə üzərinə düşən hər nə varsa böyük məsuliyyət hissi ilə yerinə yetirəcək. Bu, beynəlxalq ictimaiyyətə verdiyimiz ən açıq və ən dəqiq mesajımızdır.”

Prezident Rəcəp Tayyib Ərdoğanın sentyabr ayında ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi görüşə toxunan H.Fidan iki liderin ikitərəfli münasibətlər və regional dinamika ilə bağlı mühüm məsələləri müzakirə etdiyini bildirib.

XİN rəhbəri H.Fidan qeyd edib ki, Türkiyənin son illərdə ortaya qoyduğu xarici siyasətdəki uğurları və etibarlı tərəfdaş olması, ölkəni bir çox məsələdə əməkdaşlıq axtarılan bir aktor səviyyəsinə yüksəldib. O bildirib ki, Vaşinqtondakı görüşlər bir daha hər iki ölkə, geniş region və qlobal sülh ilə sabitlik üçün kritik əhəmiyyət daşıyan məsələləri gündəmə gətirib.

 

Sabitlik Qüvvəsi

Nazir H.Fidan BMT Təhlükəsizlik Şurasının hazırladığı qətnamə layihəsinin hələ də müzakirə olunduğunu və prosesin davam etdiyini bildirib.

Nazir bildirib ki, təklif olunan “Beynəlxalq Sabitlik Qüvvəsi” mərhələli Donald Tramp Sülh Planında nəzərdə tutulan iki əsas mexanizmdən biridir. Hazırda aparılan müzakirələr isə bu qüvvənin hansı səlahiyyətlərə malik olacağını və əməliyyatlara başladıqda necə fəaliyyət göstərəcəyini müəyyənləşdirəcək hüquqi çərçivənin hazırlanmasına yönəlib.

H.Fidan əlavə edib ki, Qəzzada Sülh Komissiyası və Beynəlxalq Sabitlik Qüvvəsinin yaradılmasına dair danışıqlar davam edir və təkliflər üzərində müzakirələr aparılır. ABŞ bu prosesi Türkiyə ilə yaxın məsləhətləşmələr aparmaqla irəliləyir.

Nazir bildirib ki, Sabitlik Qüvvəsi ilə bağlı ilkin fəaliyyətlər artıq başlayıb. Bu çərçivədə ABŞ-nin koordinasiya etdiyi və İsraillə birgə qurduğu Mülki–Hərbi Əməkdaşlıq Mərkəzi (CMCC) fəaliyyət göstərir.

17 oktyabrda rəsmi şəkildə açılan CMCC atəşkəs razılaşmasından sonra Qəzzadakı vəziyyəti müşahidə etmək məqsədilə ABŞ Mərkəzi Komandanlığı tərəfindən İsraildə qurulan ilk beynəlxalq əməliyyat platformasıdır.

H.Fidan qeyd edib ki, D.Tramp dövründə hazırlanmış atəşkəs planını dəstəkləyən rəsmi Vaşinqton prosesdəki maneələrin aradan qaldırılması üçün xüsusi mexanizm yaradıb və bu, həm siyasi öhdəlik, həm də real təhlükəsizlik addımı baxımından əhəmiyyətlidir.

Nazir əlavə edib ki, Türkiyə atəşkəs razılaşmasının irəliləməsini təmin edəcək mexanizmlər üzərində işləməkdə davam edir və müvafiq hərbi strukturlarla sıx təmas saxlanılır.
O xatırladıb ki, Qəzza atəşkəsini mümkün edən Şarm əl-Şeyx görüşlərində Türkiyə aktiv rol oynayıb və Misir, Qətər və Türkiyə razılaşmanın həyata keçirilməsini təmin edən ölkələr olublar.

Xarici işlər naziri H.Fidan bildirib ki, imzalanan deklarasiya təkcə zəmanət mexanizmi deyil, ölkələrin atəşkəsə davamlı siyasi dəstəyini əks etdirir.

Nazir əlavə edib ki, Türkiyə Qəzza üçün xüsusi humanitar yardım koordinatoru təyin edib və yardımların çatdırılması istiqamətində intensiv fəaliyyət davam edir. Lakin bölgəyə daxil olan yardımın həcmi İsrailin əvvəlcədən verdiyi öhdəliklərin xeyli altında qalır.

 

“İşğal davam edərsə, silahlı müqavimət də davam edəcək”

Türkiyə XİN rəhbəri H.Fidan bildirib ki, Türkiyə dövləti şəxsə deyil, əmələ baxır və zülmü kim törədirsə-törətsin pisləyir. O qeyd edib ki, işğal davam etdikcə buna qarşı silahlı müqavimətin də olacağı qaçılmazdır: “Bu, “Həmas” olmazsa başqası, bu başqası olmazsa bir başqa qrup. İşğala qarşı mübarizənin təbii nəticəsidir. Bizim demək istədiyimiz budur ki, məsələyə “Həmas”ın silahsızlaşdırılması prizmasından başlamaq deyil, işğalı aradan qaldıracaq, zülmü yox edəcək bir mexanizmin ortaya qoyulması lazımdır. Bu məntiq düzgün izah edilməlidir. “Həmas”ın sanki DEAŞ terror təşkilatı kimi təqdim edilməsi müəyyən reaksiyalar doğurur və bu reaksiyaları siyasətə çevirmə cəhdləri var. Biz də bu ritorikanı analiz etməli və yenidən qiymətləndirməliyik.”

Nazir H.Fidan əlavə edib ki, İsrailin işğalını aradan qaldıracaq və iki dövlətli həll yolunu mümkün qılacaq bir yol xəritəsi fələstinlilərə təqdim edilməlidir.

Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrından etibarən Qəzzada həyata keçirdiyi soyqırımda, çoxu qadın və uşaq olmaqla, təxminən 70.000 fələstinlini qətlə yetirib.