Qrenlandiya Baş naziri ABŞ əvəzinə Danimarkaya üstünlük verdiyini bildirib

ABŞ prezidenti Donald Tramp ABŞ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı olduğunu israrla vurğulayır

By
Qrenlandiya Baş naziri ABŞ-nin yerinə Danimarkaya üstünlük verdiyini bildirib / Reuters

Qrenlandiya Baş naziri Yens-Frederik Nilsen ABŞ prezidenti Donald Trampın hədələrindən sonra bildirib ki, ABŞ-ın tərkibinə daxil olmaqdansa, Danimarkaya bağlı qalmağa üstünlük verəcəklər.

Qrenlandiya Baş naziri yanvarın 13-də Kopenhagendə keçirdiyi mətbuat konfransında deyib: “Hazırda geosiyasi böhranla üz-üzəyik və əgər ABŞ ilə Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçirik”.

Arktikada yerləşən bu ərazini almaq və ya ilhaq etmək ideyasını illərdir gündəmə gətirən D.Tramp yanvarın 11-də ABŞ-nin Qrenlandiyanı “hər hansı bir yolla” əldə edəcəyini deyərək gərginliyi daha da artırıb.

Y-F.Nilsen məsələylə bağlı deyib: “Bu, hər kəs üçün tam aydın olmalıdır: Qrenlandiya ABŞ-ın mülkiyyətində olmaq istəmir. Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir.”

Mətbuat konfransında Yens-Frederik Nilsen ilə birlikdə iştirak edən Danimarka Baş naziri Mette Frederiksen deyib: “Ən yaxın müttəfiqdən gələn və tamamilə qəbuledilməz olan bu təzyiqə qarşı durmaq asan deyil. Lakin ən çətin mərhələnin hələ qarşıda olduğuna dair çoxsaylı əlamətlər var. Buna görə də biz Arktika bölgəsinin təhlükəsizliyi məsələsində ABŞ, NATO, Avropa və NATO üzvü olan Arktika Şurası dövlətləri ilə əməkdaşlığı gücləndirmək istəyirik.”

Qeyd edək ki, Donald Tramp əvvəllər də ABŞ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı olduğunu dəfələrlə vurğulamışdı. Bu səbəblə də Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyalı həmkarı Vivian Motzfeldtin yanvarın 14-də (bu gün) Ağ Evdə ABŞ vitse-prezidenti CD Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyi gözlənilir.