Çin ŞƏT ölkələri ilə əlaqələri gücləndirmək üçün xüsusi nümayəndə təyin edib

ÇXR Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu vəzfəyə Yan Venbin təyin olunub

By
Çin ŞƏT ölkələri ilə əlaqələri gücləndirmək üçün xüsusi nümayəndə təyin edib / AP

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi yanvarın 14-də açıqlama yayaraq, ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzv dövlətləri ilə əlaqələri gücləndirmək məqsədilə xüsusi nümayəndə təyin etdiyini bildirib.

ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin jurnalistlərə açıqlamasında deyib: “Xüsusi nümayəndəlik Çinin ŞƏT ölkələri ilə əlaqə və əməkdaşlığı dərinləşdirmək üçün yaratdığı mühüm bir vəzifədir.”

Nazir Mao Nin səfir Yan Venbinin ŞƏT işləri üzrə xüsusi nümayəndə, eyni zamanda ŞƏT üzrə milli koordinator təyin olunduğunu bildirib. Mao Nin deyib: “Onun öz vəzifələrini fəal şəkildə icra edəcəyinə, liderlərin ortaq razılaşmalarını həyata keçirmək, təşkilatın inkişafı və əməkdaşlığı istiqamətində çalışmaq, regional təhlükəsizlik, sabitlik, inkişaf və rifaha birgə töhfə vermək, eləcə də daha sıx ŞƏT birliyinin formalaşdırılmasını təşviq etmək məqsədilə digər ŞƏT üzv dövlətlərinin milli koordinatorları ilə yaxın işgüzar münasibətlər quracağına inanırıq.”

ŞƏT Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistandan ibarət olan “Şanxay Beşliyi” mexanizminə əsaslanır. Özbəkistan altıncı üzv kimi təşkilata qoşulub, daha sonra isə Pakistan, Hindistan, İran və Belarus da quruma daxil edilib.

Təşkilatın 10 üzv dövləti ilə yanaşı, Asiya, Avropa və Afrikada müşahidəçi və dialoq tərəfdaşı statusuna malik 16 ŞƏT tərəfdaşı mövcuddur.

Qeyd edək ki, ŞƏT dünya quru ərazilərinin təxminən 24 faizini və qlobal əhalinin 42 faizini əhatə edir. Üzv dövlətlər qlobal ümumi daxili məhsulun təxminən dörddə birini formalaşdırır. Ticarət həcmi son iyirmi il ərzində demək olar ki, 100 dəfə artıb. Dünya ticarətində ŞƏT ölkələrinin payı 2001-ci ildə 5,4 faiz olduğu halda, 2020-ci ildə 17,5 faizə yüksəlib.

Xatırladaq ki, 2025-ci il 30 avqust–1 sentyabr tarixlərində ŞƏT-in 25-ci zirvə toplantısı Si Cinpinin ev sahibliyi ilə Tiencin şəhərində keçirilib. Zirvə çərçivəsində 2035-ci ilə qədər qüvvədə olacaq 10 illik İnkişaf Strategiyası, eləcə də təhlükəsizlik, ticarət, enerji və mədəni əməkdaşlıq sahələrini əhatə edən yekun sənədlər qəbul olunub.

Çinin ŞƏT üzvləri, müşahidəçilər və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsi 2024-cü ildə rekord həddə çataraq 890 milyard dollar təşkil edib. Bu göstərici ölkənin ümumi xarici ticarətinin 14,4 faizinə bərabərdir.