Türkiyə İsrailin İordan çayının qərb sahilində atdığı birtərəfli addımları qınayıb
Türkiyənin BMT-dəki daimi nümayəndəsi bildirib ki, İsrailin birtərəfli hərəkətləri işğal altındakı İordan çayının qərb sahilində qanunsuz mövcudluğunu möhkəmləndirmək məqsədi daşıyır
Türkiyənin BMT-dəki daimi nümayəndəsi bildirib ki, İsrailin birtərəfli hərəkətləri işğal altındakı İordan çayının qərb sahilində qanunsuz mövcudluğunu möhkəmləndirmək məqsədi daşıyır. O, həmçinin Qəzzada atəşkəsin tam şəkildə tətbiq olunması və İsrailin Qəzzadan tamamilə çıxması ilə bağlı çağırış edib.
Fevralın 18-də BMT Təhlükəsizlik Şurasının Fələstindəki vəziyyətlə bağlı keçirdiyi iclasda çıxış edən Əhməd Yıldız bildirib ki, hər kəsin diqqəti Qəzzadakı kövrək atəşkəsə yönəlib. O, bildirib ki, işğalçı qüvvələr İordan çayının qərb sahilində qanunsuz mövcudluğunu gücləndirmək üçün birtərəfli addımlar atmağa davam edir.
Əhməd Yıldız qeyd edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi və ABŞ-ın təklif etdiyi 3 mərhələli atəşkəs planı da daxil olmaqla, bütün tənzimləmələrin dərhal və tam şəkildə tətbiqini tələb edir.
O, vurğulayıb ki, atəşkəsin qorunması daha çox can itkisinin qarşısını almaq, humanitar yardımların fasiləsiz çatdırılmasını təmin etmək, erkən bərpa işlərinə başlamaq və mənalı siyasi dialoqa imkan yaratmaq üçün həyati əhəmiyyət kəsb edir.
Qəzzaya daxil olan yardımların kəskin şəkildə artırılmasının vacibliyini qeyd edən Əhməd Yıldız humanitar missiyalara hücumları pisləyib. O, bildirib ki, yardımlar maneəsiz şəkildə çatdırılmalıdır.
Bərpa və yenidənqurma prosesinin effektiv olması üçün İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmalı olduğu qeyd edilib. Türkiyənin bu prosesdə fəal rol oynamağa və quruculuq işlərinə töhfə verməyə hazır olduğu bir daha bəyan edilib.
İşğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətə toxunan Əhməd Yıldız rəsmi Ankaranın İsrailin genişlənmə siyasətinə qarşı prinsipial mövqeyini xatırladıb.
‘‘Biz hər hansı bir ilhaq cəhdinin əleyhinəyik. İsrailin bu ərazilərdə mövcudluğunu genişləndirmək üçün atdığı birtərəfli addımlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır’’,-deyə Əhməd Yıldız vurğulayıb.
Beynəlxalq ictimaiyyəti və Təhlükəsizlik Şurasını hüquqi və mənəvi məsuliyyətlərini yerinə yetirməyə çağıran Əhməd Yıldız bildirib ki, Şura İsraili işğal altındakı İordan çayının qərb sahilində artan gərginliyi dayandırmağa, atəşkəs razılaşmalarını tam şəkildə icra etməyə və qanunsuz işğala son qoymağa məcbur etməlidir.