Arıların ekosistemdəki əvəzolunmaz yeri
Arıların kütləvi ölümü ekosistemin tarazlığını pozur
Arılar adətən təkcə bal istehsal edən canlılar kimi tanınır. Halbuki onlar təbiət üçün bundan qat-qat böyük məna daşıyırlar. Çünki ekosistemin davamlılığı baxımından arıların rolu həlledicidir. Məhz bu səbəbdən son illərdə arılar arasında müşahidə olunan kütləvi tələfat ciddi narahatlıq doğurur.
Yəni bir sözlə arıların əhəmiyyəti təkcə balla məhdudlaşmır. Kənd təsərrüfatı istehsalının davamlılığı və ekosistemin tarazlıqda qalması da böyük ölçüdə onlardan asılıdır.
Lakin son illər bu nadir canlıların kütləvi şəkildə məhv olması ilə bağlı xəbərlər getdikcə artır. Bəs arı ölümlərinin arxasında hansı səbəblər dayanır? Bu itkilər təbiətin tarazlığına necə təsir göstərir?
Arı ölümləri bir çox amillə əlaqəlidir. Arı tələfatı və arı məhsullarında istehsalın azalması xüsusilə son illərdə dünyanın bir çox ölkəsində müşahidə olunur.
Düzcə Universitetinin Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin direktoru, professor Meral Kekeçoğlu bildirir ki, kütləvi arı ölümlərinin əsas səbəblərinə iki istiqamətdə yanaşmaq lazımdır. Bunlardan biri makro ətraf mühit amilləridir.
“Makro ətraf mühit amilləri sırasında tez-tez eşitdiyimiz iqlim dəyişiklikləri və qlobal istiləşmə mühüm rol oynayır. Digər əsas amil isə kənd təsərrüfatında istifadə olunan dərmanlardır. Hazırda arı ölümlərinin başlıca səbəbləri də elə məhz bunlardır”, - deyə Meral Kekeçoğlu bildirib.
Mikro ətraf mühit amilləri isə pətək daxilindəki şərait və arıçıların yol verdiyi səhv tətbiqlərlə əlaqəlidir.
Alim M.Kekeçoğlu bildirir ki, Türkiyədə xüsusilə əvvəlki illərdə kütləvi arı ölümləri tez-tez qeydə alınıb.
“Bunun əsas səbəblərindən biri kənd təsərrüfatında istifadə etdiyimiz, təbiətlə dost olmayan dərmanlardır. Çiçəklər və bitkilərlə birbaşa əlaqədə olan ən vacib canlılardan biri məhz arıdır”, - deyə Meral Kekeçoğlu qeyd edib.
Tozlanma və mayalanma prosesləri üçün daim çiçəklərlə təmasda olan arılar bitkilərə vurulan dərmanlardan birbaşa təsirlənir. Bitki mənbələri zərər gördükdə arı da zərər görür. Bitki olmazsa, nektar mənbəyi olmaz və arı yaşaya bilməz. Bu zaman arılar kənardan qidalandırılmağa məcbur qalır. Lakin arıçılar hər zaman düzgün yemləmə aparmırlar. Düzgün qida verilmədikdə isə arıların immun sistemi zəifləyir.
Kütləvi arı ölümlərinin qarşısının alınmasında arıçıların üzərinə düşən məsuliyyət son dərəcə böyükdür. Professor M.Kekeçoğlunun bu mövzuda etdiyi xəbərdarlıqlar xüsusilə diqqətəlayiqdir: “Arıların davamlılığında cins amili çox önəmlidir. Müəyyən ərazilərdə yerli arı cinslərinin həmin mühitə uyğunlaşması, iqlim və ekoloji şəraitə davamlılıq baxımından həyati əhəmiyyət daşıyır. Təəssüf ki, arıçılar bunu hər zaman nəzərə almırlar.”
Halbuki yerli arı cinslərinin qorunması və istifadəsi istiqamətində maarifləndirmə və həssaslıq yaradılmalıdır. Çünki yerli cinslər xəstəliklərə qarşı daha davamlı olur.
Aparılan son araşdırmalar göstərir ki, xüsusilə arı ölümlərində və koloniya çökmələrində arıların bağırsaqlarında yaranan parazitlər çox mühüm rol oynayır.
Professor M.Kekeçoğlu arı ölümlərinin qarşısını almaq üçün arıçıların elmi məlumatlara əsaslanaraq hərəkət etməsinin vacibliyini vurğulayır:
“Xüsusilə pətəkdə müşahidə olunan xəstəlik və zərərvericilərə qarşı eşitdiyimiz hər dərmandan istifadə etməyək. Bioloji və qalıq buraxmayan vasitələrə üstünlük verək.”
Bəs arı populyasiyası azalarsa, nə baş verər? Arı populyasiyasındakı azalma gələcəkdə hansı nəticələrə yol aça bilər? Merve Kekeçoğlunun cavabı olduqca düşündürücüdür: “Arıların bitki aləminin davamlılığında payı təxminən 85 faiz təşkil edir. Bu qədər böyük paya sahib olan bal arıları yox olarsa, bitki istehsalının davamlılığı ciddi təhlükə altına düşər. Bitki istehsalı olmadığı halda bioloji dövran pozular, heyvanlar da yox olar. Bu isə ət məhsullarının azalmasına, nəticə etibarilə digər canlıların və insanların həyatının risk altına düşməsinə səbəb olar.”
Aparılan son tədqiqatlar göstərir ki, bal arıları məsələn, badam kimi bitkilərdə məhsuldarlığı təxminən 65 faiz artırır. Yəni arılar olmazsa, bitki istehsalında ciddi itkilər qaçılmazdır.
Arılar təkcə ekosistem üçün deyil, insan sağlamlığı üçün də olduqca vacibdir. Arılar təkcə istehsal etdikləri balla süfrələrimizi zənginləşdirmir. Bal ilə yanaşı, başqa möcüzəvi məhsullarla da immun sistemini gücləndirirlər.
Professor Merve Kekeçoğlu bu mövzunu belə yekunlaşdırır: “Arı koloniyası əslində kiçik bir təbii dərman qutusudur. Əksər hallarda təkcə arının balı, tozu və südü tanınır. Halbuki arı zəhəri, apilarnil, arı çörəyi və propolis də son dərəcə qiymətlidir. Arı məhsulları insan üçün immun sisteminin güclənməsində ən təsirli təbii vasitələrdəndir.”
Göründüyü üzərə arılar təkcə bal istehsal edən kiçik həşəratlar deyil. Onlar həyatın davamı üçün əvəzolunmaz bir varlıqdır. Arıları qorumaq, əslində özümüzü və gələcəyimizi qorumaq deməkdir.