Pakistan ordusu keçirilən əməliyyat nəticəsində 31 terrorçunu məhv edib
Təhlükəzislik qüvvələrinin apardığı əməliyyatlar Xeybər Paxtunxva əyalətinin Lakki Marvat və Bannu bölgələrində baş tutub
Pakistan ordusu ölkənin şimal-qərbində son iki gün ərzində keçirilən əməliyyat tədbirlərində təxminən 31 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Bu barədə Pakistan ordusu bəyanat yayıb.
Məlumata əsasən, 13-14 sentyabr tarixlərində Xeybər Paxtunxva əyalətində keçirilən iki ayrı təhlükəsizlik əməliyyat tədbiri nəticəsində Lakki Marvat bölgəsində 14, qonşu Bannu bölgəsində isə 17 terrorçu məhv edilib.
Həyata keçirilən son əməliyyatlar, ötən həftə baş verən toqquşmalarda 12 pakistanlı hərbçi və 35 terrorçunun həlak olmasından bir neçə gün sonra baş tutub. Rəsmilər bildiriblər ki, əməliyyatlar davam etdirilir və bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, Pakistan son illərdə artan terror hücumları ilə üz-üzədir. İslamabad rəhbərliyi bu hücumlardan ölkə daxilində qadağan olunmuş qruplara bağlı Əfqanıstan mərkəzli “Təhriki-Taliban Pakistan” qruplaşmasını məsul tutur.
Lakin rəsmi Kabil bu ittihamları rədd edir və hücumlarla əlaqəsinin olmadığını bəyan edir.