Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Suriya Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən üçtərəfli görüşdən sonra Kosovonu rəsmi şəkildə müstəqil və suveren dövlət kimi tanıyıb
Suriya Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən üçtərəfli görüşdən sonra Kosovonu rəsmi şəkildə müstəqil və suveren dövlət kimi tanıyıb.
Suriya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki, Suriya Prezidenti Əhməd Şaraa, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Kosovo Prezidenti Vjosa Osmani arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin və qarşılıqlı anlayışın inkişafı məsələləri müzakirə edilib. Bu kontekstdə əməkdaşlıq perspektivləri də gündəmə gətirilib.
Bəyanatda vurğulanıb ki, Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıyır. Bu qərar Suriyanın dünya ölkələri ilə əməkdaşlığı və əlaqələri genişləndirməyə, həmçinin xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirməyə yönəlmiş geniş siyasətinə uyğundur.
Nazirlik həmçinin dialoqun asanlaşdırılmasına görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirərək bu ölkənin Suriyanın Kosovonu tanıması üçün əlverişli şəraitin yaradılmasına töhfə verdiyini qeyd edib.
Rəsmi Dəməşq Kosovo ilə yaxın zamanda diplomatik münasibətlər qurmaq, eləcə də siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini ifadə edib. Bu əməkdaşlığın hər iki ölkə və onların xalqları üçün faydalı olacağı vurğulanıb.