Kamboca və Tailand bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər

Kamboca və Tailand bir-birini oktyabrın 26-da əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda ittiham edib

By
Kamboca və Tayland bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər / Reuters

Kamboca və Tailand bir-birini oktyabrın 26-da əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda ittiham edib. Pnompendəki Müdafiə Nazirliyi son hücum zamanı yeddi mülki şəxsin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib. Rəsmi Banqkok isə sərhəd boyunca həyata keçirilən əməliyyatlar nəticəsində yaşayış evlərinin zərər gördüyünü açıqlayıb.

Kamboca Müdafiə Nazirliyinin sözçüsü Mali Soçeata “Agence Kampuchea Presse”ə açıqlamasında Tailand qüvvələrini Kamboca ərazisində “təcavüzkar” hərbi əməliyyatlar aparmaqda günahlandırıb. O, hücum nəticəsində ən azı yeddi mülki şəxsin öldüyünü, 20 nəfərin isə yaralandığını deyib.

Soçeata bu hücumları “qeyri-insani və qəddar hərəkətlər” adlandıraraq qınayıb və Tailandın atəşkəsi, eləcə də hər iki ölkənin baş nazirlərinin 26 oktyabrda ABŞ Prezidenti Donald Tramp və Malayziya Baş naziri Ənvər İbrahimin iştirakı ilə imzaladığı Birgə Bəyannaməni pozduğunu bildirib.

“Khmer Times” qəzeti Pursat əyalətinin Tma Da rayonundakı Kamboca kazinosuna Tailand hərbi qüvvələri tərəfindən zərbələr endirildiyini iddia edib. Kamboca mediası həmçinin Tailand Hərbi Hava Qüvvələrinin Oddar Meanchey əyalətinin Samronq şəhərinə ‘‘F-16’’ qırıcıları ilə hava hücumu həyata keçirdiyini və bomba atdığını yazıb. Tailand hakimiyyəti bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Tailand Kral Ordusu isə Kamboca qüvvələrini dekabrın 8-də Ban Khok Tahan rayonunda mülki evlərə raket mərmiləri atmaqda ittiham edib və iki evin zərər gördüyünü bildirib. Tailand ordusu bu hücumu “suverenliyin ciddi şəkildə pozulması” kimi qiymətləndirərək ölkə vətəndaşlarını qorumaq üçün beynəlxalq prinsiplərə uyğun tədbirlər gördüyünü vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp dekabrın 8-də hər iki ölkəni münaqişəni dayandırmaq üçün atəşkəs öhdəliklərinə tam əməl etməyə çağırıb.

Tailand mediası Tailandın yeni toqquşmalardan sonra hava hücumlarına başladığını bildirib. Hadisələr zamanı bir Tailand əsgəri həlak olub, dörd nəfər yaralanıb. Qeyd olunur ki, bu qarşıdurmalar Prezident Trampın vasitəçiliyi ilə əldə edilmiş kövrək atəşkəsi təhlükə altına qoyur.