Sosial mediadan imtina xoşbəxtliyin açarı ola bilər?
PUBLİSİSTİK YAZILAR
4 dəqiqə oxuma
Sosial mediadan imtina xoşbəxtliyin açarı ola bilər?Yoxsa sosial mediayaya aludə olan bir nəsil üçün bildirişlər, bəyənmələr və qısa videolar günün ritmini müəyyənləşdirir?
Sosial mediadan imtina xoşbəxtliyin açarı ola bilər? / Reuters
9 saat əvvəl

Bu gün bir çox insan üçün səhər, bir fincan qəhvə və ya parkda gəzinti ilə deyil, sosial media lentini sürüşdürməklə başlayır. Hətta bəziləri gecəyarısı oyanaraq son paylaşdıqları özçəkilişə (selfiyə) gələn bildirişləri və bəyənmələri yoxlayır. Sosial mediaya və onlayn xəbərlərə aludə olan bir nəsil üçün bildirişlər, bəyənmələr və qısa videolar günün ritmini müəyyənləşdirir.

Psixoloqlar bildirirlər ki, bu asılılığın kökündə həyatın başqa bir yerdə başqalarının sosial media paylaşımlarında yaşandığına dair davamlı narahatlıq dayanır. Bu hal “Fear of Missing Out” (Fomo), yəni baş verənləri qaçırmaq qorxusu anlayışı ilə izah olunur.

Lakin dünya fasiləsiz informasiya axınına məruz qaldığı bir vaxtda, elmi dairələrdə yeni bir anlayış kəşf edilib: “Joy of Missing Out” (Jomo), yəni kənarda qalmaqdan zövq almaq.

“Jomo” anlayışı Vaşinqton Dövlət Universiteti və bir neçə Türkiyə universitetinin tədqiqatçılarının apardığı beynəlxalq araşdırma nəticəsində elmi ədəbiyyata daxil edilib. “Psychological Reports” adlı resenziyalı elmi jurnalda dərc olunan bu tədqiqat Türkiyənin 29 vilayətindən olan, yaşı 18–45 arasında dəyişən 932 sosial media istifadəçisini əhatə edib.

Araşdırmanın nəticələri diqqətçəkicidir. Sosial mediadan şüurlu şəkildə uzaq duran şəxslərin stress, narahatlıq, tənhalıq və depressiya səviyyələrinin daha aşağı olduğu, buna qarşılıq həyat məmnuniyyətlərinin daha yüksək olduğu müəyyən edilib.

“Fomo” narahatlıq və davamlı müqayisə yaradırsa, “Jomo” insanları yaşadıqları anın qiymətini bilməyə və oflayn olmağı məhrumiyyət deyil, azadlıq kimi qəbul etməyə çağırır.

Tədqiqatın müəlliflərindən biri olan Adem Kantar deyir: “Oflayn olmağın zövqünü həqiqətən yaşayan insanlar sosial media asılılığı baxımından ən aşağı risk qrupundadırlar. Onlar tək qaldıqları zaman darıxmır, vaxtlarını rəqəmsal auditoriyaya ehtiyac hissi keçirmədən mənalı şəkildə keçirə bilirlər. Bu gün insanlar hər şeyə çatmağa çalışarkən, əslində öz həyatlarını yaşamadan gözdən qaçırırlar.”

 

Hamı xoşbəxt görünür

İstanbulda fəaliyyət göstərən, cütlüklər və gənclərlə işləyən klinik psixoloq Fəzilət Seyitoğlu bildirir ki, sosial mediadan həddindən artıq istifadə təkcə diqqəti yayındırmır, eyni zamanda ciddi emosional gərginlik yaradır.

F.Seyitoğlu deyir: “Həddindən artıq onlayn olmaq depressiya və narahatlıqla birbaşa əlaqəlidir. İnsanlar davamlı olaraq başqalarının həyatlarını izlədikcə, öz həyatlarını laqeyd yanaşır və zamanla özlərindən narazı qalmağa başlayırlar.”

Onun sözlərinə görə, sosial mediada təqdim olunan həyat tərzi çox zaman reallığı əks etdirmir: “Ekranda hamı həmişə xoşbəxt görünür. Amma heç kim mübahisələri, tənhalığı, yorğunluğu, hətta o parlaq fotoların arxasındakı borcları görmür. Bir sözlə sosial media süni xoşbəxtlik təsviri yaradır.”

Seyitoğlu qeyd edir ki, bu vəziyyət müqayisə mədəniyyətini gücləndirir. Balaca şənliklər, nişanlar və ad günləri kimi şəxsi anlar artıq kamera üçün əsas nümayiş hədəfinə çevrilir.

“Əslində ancaq ailəyə məxsus olmalı olan bu anlar indi xərclərin və dəbdəbənin nümayişinə çevrilib. Gənc qızlar gənc və gözəl olmalarına baxmayaraq, davamlı şəkildə gözəllik məhsulları almağa sövq edilirlər,” — deyə o vurğulayır.

Bu təsirlər ailə münasibətlərinə də sirayət edir. F.Seyitoğlu bildirir ki, bir çox kişi terapiya seanslarında həyat yoldaşlarının sosial mediada gördükləri hədiyyə və jestlər əsasında formalaşan gözləntilərdən şikayət edirlər.

“Məsələ burasındadır ki, bu tələblər şəxsin həqiqi istəklərindən qaynaqlanmır, müqayisədən yaranır. Sosial media insanlara sevgini maddi göstəricilərlə ölçməyi öyrədir,” — deyə o izah edir.

Artıq mütəxəssislərlə yanaşı, gənclər də davamlı onlayn olmağın bir qarşılığı olduğunu açıq şəkildə dilə gətirməyə başlayıblar.

Adının açıqlanmasını istəməyən gənc bir qadın sosial mediadan imtina etmə qərarını belə izah edir: “Altı ay əvvəl bütün hesablarımı sildim. Əvvəlcə qəribə idi, sanki kimliyimin bir hissəsini itirmişdim. Amma indi günlərim meditasiya, səssiz gəzintilər və özümə ayırdığım vaxtla doludur. Başa düşdüm ki, əslində heç nəyi qaçırmıram. Əksinə, ekrana baxarkən öz həyatımı yaşamırmışam.”

Araşdırmalar göstərir ki, kənarda qalmaqdan zövq almağı seçən insanlar oxumaq, gəzmək, gündəlik yazmaq, musiqi dinləmək və ya sadəcə səssizliyin dadını çıxarmaq kimi fəaliyyətlərdən həzz alır və bunları paylaşmaq ehtiyacı hiss etmirlər.

Fəzilət Seyitoğlu mövzunu belə yekunlaşdırır: “(Niyə başqalarının sahib olduqlarına mən sahib deyiləm?) sualı əvəzinə, (Bu gün məni nə gülümsətdi?), (Hansı gözəlliyi fərq etdim?), (Məni xoşbəxt edən şeylər nələrdir?) suallarını vermək lazımdır. Çünki həqiqi xoşbəxtlik məhz burada başlayır.”

Rəqəmsal dünya sürətləndikcə, “Jomo” bəzilərinə əsas axına qarşı bir mövqe kimi görünə bilər. Lakin psixoloqlar bunu geri çəkilmə deyil, tarazlıq yaratmaq cəhdi kimi qiymətləndirirlər. Onların fikrincə, bu yanaşma insanı daimi müqayisə məcburiyyətindən azad edərək həyatın sadə, lakin dəyərli tərəflərini yenidən görməyə imkan verir.

F.Seyitoğlu vurğulayır ki, “Fomo”dan “Jomo”ya keçid sosial mediadan tam imtina deyil, onunla qurulan münasibətin dəyişdirilməsidir. O fikrini belə izah edir: “Başqalarının həyatlarının ardınca qaçmağı dayandırdığınız anda, öz həyatınızı yenidən kəşf edirsiniz.”

Bəs siz necə, sosyal medyadan uzaq qalaraq həyatdan zövq almağa hazırsınız?

MƏNBƏ:TRT