ABŞ-ın Sakit Okeanın şərqində narkotik daşıdığı iddia edilən qayığa hücumunda dörd nəfər həlak olub
Son hücumla ABŞ-ın narkotik daşıdığı iddia edilən qayıqlara hücumlarında ölənlərin sayı 87-yə çatıb
Amerika Birləşmiş Ştatları ordusu Şərqi Sakit Okeanın beynəlxalq sularında narkotik daşıdığı iddia edilən qayığa hücumda dörd kişinin öldüyünü açıqlayıb.
"X" platformasında edilən paylaşımda ABŞ ordusu bildirib ki, "Kəşfiyyat qayığın qanunsuz narkotik daşıdığını və Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini təsdiqləyib. Gəmidə olan dörd kişi narko-terrorçu öldürülüb".
ABŞ sentyabr ayından bəri Karib dənizində və Şərqi Sakit Okeanda narkotik daşıdığı şübhəli bilinən qayıqlara ən azı 22 hücum həyata keçirib və nəticədə ən azı 87 nəfər həlak olub.
Son hücum Pentaqon rəsmisi Pete Heqsetin sentyabr ayında sağ qalanların öldürülməsindən sonra hücumu əmr etdiyi iddiaları fonunda baş verib. Administrasiya isə bu iddianı rədd edir.
4-cü səviyyə xəbərdarlığı
Digər tərəfdən, ABŞ Dövlət Departamenti Venesuela üçün ən yüksək səviyyəli səyahət tövsiyəsini yenidən dərc edərək, bütün ABŞ vətəndaşlarını və qanuni daimi sakinləri ölkəni "dərhal" tərk etməyə çağırıb.
İlk dəfə may ayında verilmiş və hərtərəfli araşdırmadan sonra dəyişiklik edilmədən yenidən işlənmiş 4-cü səviyyəli "Səyahət Etməyin" tövsiyəsi ədalətsiz həbs, işgəncə, terror, adam oğurluğu, qanunların özbaşına icrası, zorakı cinayət, vətəndaş iğtişaşları və Venesuelanın səhiyyə sisteminin çökməsi kimi ciddi risklər barədə xəbərdarlıq edir.
Xəbərdarlıqda deyilir: "Venesuelada olan bütün ABŞ vətəndaşları və qanuni daimi sakinləri ölkəni dərhal tərk etməyə çağırılır".
Xəbərdarlıqda ABŞ-ın 2019-cu ildə Cənubi Amerika ölkəsinin paytaxtı Karakasdan bütün diplomatik heyətini geri çəkdiyi təkrarlanıb. Həmçinin hökumətin təcili və ya adi konsulluq xidmətləri göstərmək iqtidarında olmadığı bildirilərək deyilib ki,Venesuelada ABŞ vətəndaşlığına və ya digər yaşayış statusuna malik olan hər kəs, o cümlədən Venesuela və ya digər xarici pasportlarla səyahət edənlər dərhal ölkəni tərk etməlidirlər. Heç bir səbəbdən Venesuelaya səyahət etməyin.
Xəbərdarlıqda həmçinin ölkə daxilində yanacaq, elektrik enerjisi, su, dərman və tibbi ləvazimat çatışmazlığı qeyd olunub.
Amerikalıları səyahət etməmək barədə xəbərdar etməsinə baxmayaraq, Dövlət Departamenti Venesuelaya girmək qərarına gələn və ya dərhal oranı tərk edə bilməyənlər üçün tədbirlər görüb. Tövsiyələrə vəsiyyətnamə hazırlamaq, ailə ilə ünsiyyət protokolu qurmaq, şəxsi mühafizəçi işə götürmək və tibbi evakuasiya sığortası almaq daxildir.
Xəbərdarlıq "Venesuelaya səyahət etməyin təhlükəsiz yolu yoxdur" ifadəsi ilə yekunlaşıb.