Dmitri Peskov Bəşər Əsədlə bağlı şərh verməkdən imtina edib
Kreml sözçüsü Dmitri Peskov oktyabrın 16-da keçirilən mətbuat konfransında iki lider arasında Əsədin Suriyaya ekstradisiyasının müzakirə edilib-edilmədiyi barədə sualı cavablandıraraq deyib: "Bizim burada Əsədlə bağlı deyəcək heç bir şeyimiz yoxdur''
Rusiya Moskvada prezident Vladimir Putinlə suriyalı həmkarı Əhməd Şəraa arasında keçirilən görüşdə Bəşər Əsədin ekstradisiyası məsələsinin qaldırılıb-qaldırılmadığı ilə bağlı şərh verməkdən imtina edib.
Kreml sözçüsü Dmitri Peskov oktyabrın 16-da keçirilən mətbuat konfransında iki lider arasında Əsədin Suriyaya ekstradisiyasının müzakirə edilib-edilmədiyi barədə sualı cavablandıraraq deyib: "Bizim burada Əsədlə bağlı deyəcək heç bir şeyimiz yoxdur."
Suriya prezidenti Əhməd Şəraa görüş zamanı bildirib ki, rəsmi Dəməşq Rusiya ilə "tarixi və strateji" münasibətləri bərpa etməyə hazırdır. Putin isə öz növbəsində Suriya ilə Rusiya arasında onilliklər boyu davam edən münasibətləri yüksək qiymətləndirib.
Dmitri Peskov həmçinin deyib ki, Putinin Suriyaya səfəri ilə bağlı heç bir müzakirə aparılmayıb. O, bu cür dəvətlərin diplomatik kanallarla çatdırıla biləcəyini vurğulayıb.
Dmitri Peskov Rusiya hərbi bazalarının — o cümlədən Tartusdakı dəniz bazası və Suriyanın Aralıq dənizi sahilindəki Hmeymim hava bazasının gələcəyinin danışıqlar zamanı gündəmə gəldiyini bildirib.
Qeyd edək ki, Suriya hökumətindən bir rəsmı görüşdən əvvəl AFP agentliyinə müsahibəsində bildirib ki, Əhməd Şəraa Rusiyaya sığınan sabiq prezident Bəşər Əsədin ekstradisiyasını tələb etməyi planlaşdırır.