Prezident R.T.Ərdoğan: “İsrail soyqırımı dayandırmalıdır, sülh prosesi dərhal başlamalıdır”
Qəzzada atəşkəs planı girovların mübadiləsini, döyüşlərin dayandırılmasını və İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini əhatə edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Həmas”ın ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs planına verdiyi cavabı “konstruktiv və daimi sülhün təmin olunması istiqamətində mühüm addım” kimi qiymətləndirib. İsrail hökümətindən isə Qəzzada davam edən soyqırımı dərhal dayandırmağı tələb edib.
“Həmas”ın cavabından sonra indi edilməli olan İsrailin bütün hücumları dərhal dayandırması və atəşkəs planına əməl etməsidir”, — deyən R.T.Ərdoğan oktaybrın 3-də bəyan edib ki, “Həmas” bütün girovları azad etməyi qəbul edib və D.Tramp İsrailə Qəzzanı bombardman etməməyi əmr edib.
Prezident R.T.Ərdoğan deyib: “Qəzzaya humanitar yardımların təcili şəkildə çatdırılması və qlobal vicdanı dərin şəkildə yaralayan bu soyqırımın, bu utancverici vəziyyətin sona çatdırılması üçün dərhal addımlar atılmalıdır.”
Ölkə başçısı həmçinin vurğulayıb ki, Türkiyə dövləti danışıqların Fələstin xalqı üçün ən xeyirli şəkildə nəticələnməsi və beynəlxalq ictimaiyyətin dəstəklədiyi iki dövlətli həllin reallaşması üçün bütün imkanları ilə çalışmağa davam edəcək.
Xarici İşlər Nazirliyindən verilən ayrıca bəyanatda “Həmas”ın cavabının “Qəzzada təcili atəşkəsin təmin edilməsinə, bölgəyə humanitar yardımın fasiləsiz çatdırılmasına və daimi sülhün təmin edilməsi üçün zəruri addımların atılmasına imkan yaradacağı” qeyd edilib.
Bəyanatda bütün tərəflərə dərhal danışıqlara başlama çağırışı edildiyi və “İsrail dərhal Qəzza xalqına qarşı hücumlarını dayandırmalıdır” ifadəsinə yer verildiyi bildirilib. Nazirlik rəsmi Ankaranın danışıqları dəstəkləməyə və “konstruktiv töhfələr verməyə” davam edəcəyini bildirib.
“Həmas”ın cavabı
Türkiyə rəsmilərinin açıqlamalarında “Həmas”ın bütün israilli girovları azad edilməsini, həlak olanların cənazələrinin təhvil verilməsini və Qəzzanın idarəsini müstəqil bir fələstinli texnokrat hökumətə buraxılmasını qəbul etdiyi bildirilib.
Xatırladaq ki, Amerika prezidenti D.Tramp “Həmas”a oktyabrın 5-i Vaşinqton vaxtı ilə saat 18:00-ə (22:00 GMT) qədər atəşkəs planını rəsmi şəkildə təsdiqləməsi üçün vaxt verib. Bu plana görə, Qəzza ABŞ prezidentinin rəhbərliyi altında beynəlxalq bir idarənin nəzarəti ilə silahlardan təmizlənmiş bir zonaya çevrilməsi nəzərdə tutulur.
Plan 72 saat ərzində girovların mübadiləsini, döyüşlərin dayandırılmasını, Qəzzadakı silahlı qrupların tərki-silah edilməsini və İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini əhatə edir.