D.Tramp orduya Qrenlandiyanın işğalı üçün plan hazırlanması barədə göstəriş verdi

Lakin yüksək vəzifəli hərbi rəsmilərin prezidentin bu göstərişinə qarşı çıxdığı bildirilir

By
ABŞ Prezidenti Donald Tramp / AP

Birləşmiş Krallıq mərkəzli “Daily Mail” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp xüsusi təyinatlı qüvvələrin komandirlərinə Qrenlandiyanın işğalı üçün plan hazırlamaları barədə tapşırıq verib.

Əldə olunan məlumata görə, ABŞ “uğurlu” Venesuela əməliyyatından sonra Rusiya və ya Çin hərəkətə keçməmiş adanı sürətlə ələ keçirmək niyyətindədir.

Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp Xüsusi Əməliyyatlar üzrə Komandanlığına (JSOC) işğal planı hazırlanması barədə göstəriş verib. Lakin Baş Qərargah Rəisləri Komitəsi bunun qanunsuz olacağını və Konqresin dəstəyindən məhrum qalacağını əsas gətirərək bu təşəbbüsə qarşı çıxıb.

Məsələylə bağlı D.Tramp yanvarın 9-da Ağ Evdə keçirilən tədbirdə deyib: “İstəsələr də, istəməsələr də, Qrenlandiya ilə bağlı nəsə edəcəyik. Çünki biz bunu etməsək, Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək və biz bu ölkələri qonşu kimi istəmirik. Razılaşmanı asan yolla həll etmək istəyirəm, lakin asan yolla mümkün olmazsa, çətin yoldan edərik.”

Bununla da, prezident D.Tramp Qrenlandiyanı işğal etmək niyyətini açıq şəkildə ifadə edib.

Bu açıqlamadan sonra Qrenlandiyadakı siyasi partiyaların liderləri birgə bəyanat yayaraq “Amerikalı olmaq istəmirik, danimarkalı olmaq istəmirik, qrenlandiyalı olmaq istəyirik”, – deyə bildiriblər.

Qeyd edək ki, ekspertlər D.Trampın bu yanaşmasının ABŞ ilə Avropa ölkələri arasında münasibətləri ciddi şəkildə gərginləşdirə biləcəyini, hətta bu addımın NATO-nun sonu mənasına gələ biləcəyi barədə xəbərdarlıq edirlər.