Kuba Latın Amerikası və Karib hövzəsində ABŞ təhdidlərinə qarşı kollektiv müdafiəyə çağırıb
Havana Venesuela lideri Maduronun dərhal azad edilməsini tələb edib və ABŞ hücumlarını "bütün siyasi və ideoloji fikirlərə qarşı dövlətin varlığına təhdid" kimi qiymətləndirib
Mərkəzi qərargahı Venesuelada olan “Telesur News”un məlumatına görə, Kuba xarici işlər naziri Latın Amerikası və Karib Dövlətləri Birliyinin (CELAC) üzvlərini regionun müstəqilliyini və suverenliyini Venesuelada baş verən son ABŞ hücumlarının yaratdığı təhlükəyə qarşı birgə şəkildə müdafiə etməyə çağırıb.
Yanvarın 4-də CELAC-ın fövqəladə zirvə toplantısında çıxış edən Kuba xarici işlər naziri Bruno Rodrigez ABŞ-ın bu addımının “bütün siyasi və ideoloji xətləri aşan, tarixi miqyasda dövlətin varlığına bir təhdid” olduğunu vurğulayıb.
Rodrigez qeyd edib ki, Latın Amerikası mübahisəli bir ərazi deyil, o, xalqlarının suverenliyindən başqa heç kimə məxsus deyil”. O, həmçinin ABŞ prezidenti Donald Trampın Venesuelanın neft sənayesini nəzarət altına almaqla bağlı açıqlamalarının müstəmləkəçi çalarlar daşıdığını bildirib.
Rodrigez qaçırılan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Nyu-Yorkdakı bir məhkəmədə ittihamlarla üzləşmək üçün ABŞ-a aparıldıqlarını xatırladaraq, onların dərhal azad edilməsini tələb edib.
O deyib ki, CELAC beynəlxalq hüququn üzərində gücün və barbarlığın hökm sürməsinə yol verməməli və bu hücumlardan, onların səbəb olduğu ölümlərdən və yaratdığı fəlakətli proseslərə görə məsul olanlarla hesablaşılmalıdır.
Xatırladaq ki, yanvarın 4-də Donald Tramp zərurət yaranacağı halda ABŞ qoşunları vasitəsilə Venesuela üzərində müvəqqəti olaraq Amerika nəzarətinin qurulacağını bəyan etmişdi.