Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli sammitdən imtina edir
Sergey Ryabkov bəyan edib ki, Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli sammitin keçiriləcəyini gözləmir, lakin Moskva və Vaşinqton bu ilin sonunda ikitərəfli danışıqlar apara bilər
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio BMT Baş Assambleyasında görüşə bilərlər, lakin rəsmi Kiyev hələlik Moskvanın təklifinə cavab verməyib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli sammitin keçiriləcəyini gözləmir, lakin Moskva və Vaşinqton bu ilin sonunda ikitərəfli danışıqlar apara bilər.
Rusiyanın rəsmi xəbər agentliyi TASS-a açıqlama verən Ryabkov bildirib ki, xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşə bilərlər.
Ryabkov "Görüşün təşkili prosesi hələ də müzakirə olunur. Düşünürəm ki, görüşün baş tutma ehtimalı yüksəkdir" deyib.
Ryabkov əlavə edib ki, Kiyev iyulda İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu zamanı təqdim olunan üçtərəfli format təklifinə hələ də cavab verməyib.
Diplomatik mübahisələrin həllinə yönəlmiş gələcək Rusiya-ABŞ məsləhətləşmələrindən danışan Ryabkov qeyd edib ki, proses təkcə maddi-texniki səbəblərə görə deyil, bir neçə dəfə təxirə salınıb.
Nazir müavini “Biz durğunluq yox, konkret irəliləyiş əldə etmək istəyirik” deyib və əlavə edib ki, Moskva bu cür danışıqları “payızın sonuna qədər” keçirməyə ümid edir.
Ryabkov Vaşinqtonun Ukraynaya münasibətini də şərh edərək deyib:
"Amerikalıların bütün fikirləri bizimlə eyni olmasa da, ümumiyyətlə onların sağlam düşüncəyə əsaslandığına inanırıq".
Avropada Rusiya ilə danışıqlara etiraz edən və “Rusiyanı diz çökdürmək” istəyən “qəddar militaristləri” tənqid edən Ryabkov bu şəxslərin “daha məntiqli qiymətləndirmələr verən səsləri boğduğunu” bildirib və deyib ki, istəmirəm ki, Avropa qrupunun yaratdığı bu gündəmi gizləmək üçün yaratdığı səs-küyü Vaşinqtonda hələ də mövcud olan sağlam düşüncəyə kölgə salsın".
ABŞ prezidenti Donald Trampın Avropaya Rusiya enerjisini Amerika ixracatı ilə əvəz etmək çağırışlarına toxunan Ryabkov bu cür təkliflərdə “yeni heç nə” olmadığını deyib və Rusiyanın enerji sektorunun rəqabətə hazır olduğunu vurğulayıb.
Ryabkov qeyd edib ki, əsas məsələ Vaşinqtonun münasibətləri inkişaf etdirmək ideyasına sadiq qalıb-qalmamasıdır və bu, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçən ay Alyaskanın Ankoric şəhərində keçirilən görüşünün müəyyən etdiyi yoldur.