Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi

Rusiya qüvvələrinin Ukrayna enerji infrastrukturuna hücumları dondurucu hava şəraitində ölkə üzrə elektrik kəsintilərə səbəb oldu

By
Rusiya ordusu Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi / AP

Ukrayna dövlət elektrik şəbəkəsinin operatoru “Ukrenerqo” fevralın 7-də (bu gün) yaydığı açıqlamada Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı həyata keçirdiyi genişmiqyaslı hücumun ölkə ərazisində elektrik təchizatının kəsilməsinə yol açdığını bildirib.

“Ukrenerqo”nun “Telegram” kanalı üzərindən yaydığı məlumatda deyilir: “Rusiya Ukraynanın elektrik şəbəkəsi obyektlərinə qarşı daha bir genişmiqyaslı hücum həyata keçirir. Düşmənin vurduğu ziyan səbəbindən əksər bölgələrdə fövqəladə elektrik kəsintiləri tətbiq edilib. Hazırda hücum davam edir. Təhlükəsizlik vəziyyəti imkan verən kimi bərpa işlərinə başlanacaq.”

Rusiyanın təxminən dörd ildir davam edən müharibəyə son qoymaq məqsədilə iki ölkə arasında ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlara baxmayaraq, son günlərdə Ukraynaya qarşı hücumlarını davam etdirdiyi qeyd olunur.

Ukrayna rəsmiləri Moskva rəhbərliyini enerji infrastrukturunu məqsədli şəkildə hədəf almaqda ittiham edərək, sıfırdan aşağı temperatur şəraitində yüz minlərlə insanın istifadə etdiyi işıqlandırma və isitmə xidmətlərində fasilələrin yarandığını bildiriblər.

Ukraynanın baş naziri Yuliya Sviridenko Rusiyanın ölkənin qərbində yerləşən Burştınska və Dobrotvirska elektrik stansiyalarına hücumundan sonra rəsmi Kiyevin Polşadan təcili yardım istədiyini açıqlayıb.

Qeyd edək ki, Ukrayna və Rusiya yanvar ayından bu yana Abu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə iki raund danışıqlar aparıb. Rəsmi Kiyev və Moskva rəhbərliyi genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlsə də, danışıqların əsas mübahisə mövzularından biri olan ərazi məsələsində hələ də irəliləyiş əldə olunmayıb.

Xatırladaq ki, Moskva hakimiyyəti fevralın 6-da Rusiyanın paytaxtında yüksək rütbəli hərbi kəşfiyyat generalının güllələnərək yaralanmasına səbəb olan hadisənin Ukrayna tərəfindən təşkil edildiyini iddia edib. Rəsmi Kiyev isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.