R.T. Ərdoğan 10 ildən artıq fasilədən sonra Efiopiyaya səfər edib

Səfər iki ölkə arasında rəsmi münasibətlərin qurulmasının 100 illiyi münasibətilə həyata keçirilir

By
R.T. Ərdoğan 10 ildən artıq fasilədən sonra Efiopiyaya səfər edib / AA

Fevralın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyaya rəsmi səfər edib. Yerli mətbuatda Türkiyənin Əddis-Əbəbədəki səfirliyinin açılmasının 100 illiyi münasibətilə səfərin diplomatik əhəmiyyəti xüsusi vurğulanır. Əlavə olaraq bildirilir ki, Türkiyə ilə Efiopiya arasında münasibətlər XVI əsrə qədər uzanır.

Həm dövlət, həm də özəl media qurumları baş tutan səfəri ümumilikdə müsbət qiymətləndirərək uzunmüddətli əlaqələri, artan iqtisadi əməkdaşlığı və rəsmi Ankaranın regiondakı diplomatik roluna diqqət yetiriblər.

Baş nazir Abiy Əhmədin dəvəti ilə baş tutan bu səfər Prezident R.T.Ərdoğanın 10 ildən artıq müddətdən sonra Efiopiyaya ilk səfəri olacaq.

Efiopiyanın dövlət yayım qurumu “Fana” bu səfərin ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldıracağını bildirib. Qurumun yayımladığı materiallardan birində Prezident Rəcəb Tayyib Ərdoğan “yeni Türkiyənin memarı” kimi təqdim olunub.

Media orqanı “Addis Standard” da səfərlə bağlı geniş material dərc edib. Nəşr bu səfəri Afrika buynuzunda mövcud gərginlik və Türkiyənin regiondakı diplomatik fəaliyyəti ilə əlaqələndirib. Məqalədə qeyd olunur ki, tərəflərin artıq razılaşdırılmış bir sıra əməkdaşlıq sənədlərini imzalaması gözlənilir.

Baş nazir Abiy Əhməd tərəfindən oktyabr ayında təsis edilmiş pan-Afrika rəqəmsal media platforması “Pulse of Africa” isə səfərlə bağlı dərc etdiyi yazıda bildirib ki, Prezident R.T.Ərdoğanın Əddis-Əbəbəyə səfəri Türkiyənin ticarət, infrastruktur və təhlükəsizlik sahələrində əlaqələri genişləndirmək niyyətini əks etdirir. Platforma həmçinin qeyd edib ki, bu səfər Türkiyənin Qırmızı dəniz və Afrika buynuzu regionunda mövqeyinin güclənməsi baxımından əhəmiyyətlidir.

Rəsmi münasibətlərin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Türkiyənin Efiopiyadakı səfiri Berk Baran bildirib ki, Prezident R.T.Ərdoğanın səfəri “mövcud möhkəm əlaqələrin daha da inkişaf etdirilməsi” mənasına gəlir.

B.Baran qeyd edib ki, Türkiyə və Efiopiya siyasi, iqtisadi və sosial sahələr də daxil olmaqla müxtəlif istiqamətlər üzrə artıq strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

 

Ardıcıl siyasi əlaqələr və dialoq

Türkiyədə yaşayan müstəqil tədqiqatçı Emir Yasin Kekeç “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, mövcud qeyri-müəyyən qlobal şəraitdə Türkiyə ilə Efiopiya üçüncü tərəfin vasitəçiliyi olmadan açıq və ardıcıl münasibətlər qurmağa nail olub. Onun sözlərinə görə, bu münasibətlər qorunmalı və gücləndirilməlidir.

Analitiklər hesab edirlər ki, milli maraqlarda fərqlər mövcud olsa da, əlaqələr qarşılıqlı siyasi anlaşma əsasında inkişaf edib.

Paytaxt Əddis-Əbəbədə fəaliyyət göstərən bir düşüncə mərkəzinin rəhbəri və tədqiqatçı İbrahim Muluşeva münasibətlərin 100 illiyinə həsr olunmuş paneldə çıxışı zamanı bildirib ki, Türkiyə Efiopiyanın mövqeyini dərk edir. O, Nil çayı ilə bağlı mübahisə və dənizə çıxış məsələsində bunu müşahidə etdiklərini deyib. İ.Muluşevanın sözlərinə görə, bu yanaşma coğrafi reallıqlar və dövlətçilik tarixindəki oxşarlıqlarla bağlıdır.

Muluşeva əlavə edib ki, tərəflər hər məsələdə eyni mövqedə olmasalar da, bir-birinin siyasi mövqeyinə anlayış göstərir və elə bu da tərəflər arası birbaşa dialoqu mümkün edir. Onun fikrincə, məhz bu qarşılıqlı anlayış Türkiyənin Efiopiya ilə Somali arasında yaranmış həssas mübahisədə vasitəçilik etməsinə şərait yaradıb və mübahisə Ankara Bəyannaməsi ilə həllini tapıb.

Rəsmi münasibətlərin 100 illiyi münasibətilə keçirilən digər paneldə çıxış edən səfir B.Baran bildirib ki, xalqlar arasında mövcud olan yüzillik diplomatik əlaqələr Türkiyə ilə Efiopiya münasibətlərinin əsas xüsusiyyətini təşkil edir. O qeyd edib ki, Prezident R.T.Ərdoğanın səfəri ikitərəfli münasibətlərdə yeni mərhələyə keçidi ifadə edir.

Mütəxəssislər vurğulayırlar ki, iki ölkə arasındakı tərəfdaşlıq təkcə rəsmi diplomatiya ilə məhdudlaşmır, eyni zamanda ictimai və humanitar əlaqələrlə də möhkəmlənir.

Emir Yasin Kekeç bildirib ki, müzakirələr əsasən siyasi diplomatiya çərçivəsində aparılır, lakin ölkələr arasında real körpünü xalqlar arasındakı münasibətlər yaradır.

Akademiklər həmçinin, diplomatiyanın ictimai rəyin formalaşmasında mühüm rol oynadığını qeyd edirlər.

Ankara Universitetinin məzunu və Əddis-Əbəbə Universitetinin müəllimi Abdulaziz Dino bildirib ki, mədəni, sosial və incəsənət diplomatiyası çox vaxt siyasi diplomatiyanın kölgəsində qalır. Lakin onun sözlərinə görə, Efiopiyada Türkiyə televiziya proqramları, Türkiyədə təhsil almış tələbələr və mədəni yaxınlıq ölkənin müsbət imicinin formalaşmasına töhfə verib.

A.Dino əlavə edib ki, ənənəvi diplomatiya dəyişkən qlobal şəraitdə mühüm rol oynasa da, media, mədəni və sosial əlaqələrlə dəstəklənmədiyi halda daha az təsirli ola bilər.

Ekspertlərin fikrincə, Prezident R.T.Ərdoğanın səfəri həm 100 illik yubileyin simvolik məzmununu, həm də tarixi yaxınlıq, diplomatik dialoq və uzunmüddətli ictimai əlaqələrə əsaslanan münasibətlərin daha da gücləndirilməsi istiqamətində hər iki ölkənin niyyətini əks etdirir.