Türkiyə kəşfiyyatı İstanbulda "Mossad"a casusluqda ittiham olunan şəxsi saxlayıb
Təhlükəsizlik rəsmiləri şübhəlinin İsrailin "Mossad" kəşfiyyat xidməti üçün işlədiyini və İsrailin Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Raşeed ilə əlaqə saxladığını bildirib
Türkiyə bu gün (3 oktyabr) İsrailin milli kəşfiyyat xidməti "Mossad"da işləməkdə ittiham olunan özəl detektivi saxladığını açıqlayıb. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, şübhəli şəxs İstanbulda prokurorluq və polislə birgə əməliyyat nəticəsində yaxalanıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) şübhəlinin Serkan Çiçək olduğunu və "Metron" əməliyyatı kod adlı əməliyyat zamanı saxlanıldığını açıqlayıb.
Təhlükəsizlik rəsmiləri Serkan Çiçəyin "Mossad" üçün işlədiyini və İsrailin Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Raşeed ilə əlaqə saxladığını bildirib.
İddiaya görə Çiçəyin İstanbulda İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan fələstinli fəalı Raşeedin istəyi ilə casusluq etdiyini etiraf edib.
Türkiyə kəşfiyyatının məlumatına görə, əsl adı Məhəmməd Fatih Keleş olan Çiçək 2020-ci ildə ciddi borcları yarandıqdan sonra adını dəyişib və biznes karyerasını tərk edərək 2020-ci ildə "Pandora Detective Agency" adlı özəl firma qurub.
Çiçəyin İsrailin xeyrinə casusluq ittihamı ilə 19 il həbs cəzası alan Musa Kuş və mənfəət məqsədi ilə ictimai qeydlərdən şəxsi məlumatları detektivlərə satan vəkil Tuğrulhan Diplə işlədiyi bildirilib.
Şübhəli kriptovalyuta ödənişi
Səlahiyyətlilər Çiçəyin dedektiv fəaliyyətə başladıqdan sonra "Mossad"ın diqqətini çəkdiyini bildirib. İyulun 31-də Raşeed onunla "WhatsApp" vasitəsilə əlaqə saxlayıb və özünü xarici hüquq firmasının əməkdaşı kimi təqdim edib.
Raşeed Çiçəyə İstanbulun Başakşehir səmtində yaşayan fələstinli fəalı 4 gün ərzində izləməyi tapşırıb. Çiçəyin avqustun 1-də bu tapşırıq üçün 4000 dollar kriptovalyuta aldığı bildirilib.
Çiçək internetdə onun adını axtardıqdan sonra hədəfin fələstinli fəal olduğunu aşkar edib. O, iş ortağı Kuşun İsrailin xeyrinə casusluq etdiyi üçün həbs olunduğunu bilməsinə baxmayaraq, bu tapşırığı qəbul edib.
Səlahiyyətlilər Çiçəyin Raşeedin verdiyi ünvana getdiyini, lakin hədəfini tapa bilmədiyini bildirib. Qeyd olunub ki, avqustun 1-2-də o, mənzil kirayələmək adı ilə yaşayış kompleksinə daxil olub və kəşfiyyat aparıb, lakin "Mossad"ın tələb etdiyi məlumatları toplaya bilməyib.
Səlahiyyətlilərə görə, İsrail casusu Raşeed avqustun 3-də Çiçəklə əlaqəni kəsib.