R.T.Ərdoğan Qara dənizdəki gəmilərə hücumla bağlı xəbərdarlıq etdi
Prezident bildirib ki, bölgədə artan risklər diplomatik səylərin gücləndirilməsini tələb edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 1-də Prezident İqamətgahında keçirilən nazirlər kabineti iclasında xarici siyasətdən sənayeyə, iqtisadiyyatdan təhlükəsizliyə qədər bir çox məsələni müzakirəyə çıxarıb. Ölkə başçısı iclasdan sonra xalqa müraciət edərək qəbul olunan qərarların ölkə, millət və bütün insanlıq üçün xeyirli olmasını arzulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı sırasında Türkiyənin Qara dəniz sahillərində Rusiyaya gedən neft tankerinə edilən hücumları “narahatlıq doğuran gərginlik” kimi qiymətləndirib.
Türkiyə Nəqliyyat Nazirliyi “Virat” və “Kairos” adlı iki gəminin noyabrın 28-də Türkiyə sahillərində partlayışlarla sarsıldığını, “Virat” gəmisinin isə noyabrın 29-da ikinci dəfə vurulduğunu bildirib.
Dövlət rəhbəri R.T.Ərdoğan hücumlarla bağlı olaraq deyib: “Qara dənizdəki gərginliyin ölkəmizin təhlükəsizliyini və regional sabitliyi təhdid edəcək mərhələyə çatmasından narazıyıq. Qara dənizdə risk və təhdidlərin artdığını görürük. Bölgəmizdə gərginliyin azaldılması üçün diplomatiya kanallarını açıq saxlayırıq və üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazır olduğumuzu bir daha vurğulayırıq.”
Qeyd edək ki, Türkiyə prezidentinin açıqlamaları Ukraynanın həm hərbi, həm də siyasi təzyiq altında olduğu və ABŞ-ın rəhbərlik etdiyi sülh təşəbbüslərinin sürətləndiyi dövrə təsadüf edir.
Prezident R.T.Ərdoğan əlavə edərək deyib: “Müvafiq tərəflərə lazım olan xəbərdarlıqları etmişik. Hadisələri yaxından təqib edirik və münaqişələrin sona çatdırılmasına yönələn hər cür töhfəni verməyə hazır olduğumuzu bildiririk.”
Tarixi mərhələ
Ölkə rəhbəri R.T.Ərdoğan həmçinin Türkiyənin aviasiya sahəsində əldə etdiyi yeni uğuruna toxunaraq, pilotsuz döyüş təyyarəsi “Kızılelma”nın dünya aviasiya tarixində ilkə imza atdığını bildirib.
Prezident R.T.Ərdoğan deyib: “Kızılelma”nın əldə etdiyi bu uğur müdafiə sənayesində qət etdiyimiz məsafənin gözlə görünən nümunəsidir. “Türkiyə Yüzyılı” vizyonumuzun bütün sahələrdə eyni dinamizmə malik olduğunu görməkdən məmnuniyyət hissi keçiririk.”
Xatırladaq ki, “Baykar” şirkətinin məlumatına görə, “Kızılelma” həftəsonu reaktiv mühərrikli hədəf təyyarəsini görmə məsafəsindən kənar (BVR) hava-hava raketi ilə vuraraq daha bir mühüm mərhələni geridə qoyub.