Dekabrın əvvəlində yayımlanan ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası sənədi Trampın “Tamamlayıcı doktrina” adlandırılan yanaşmaya sadiqliyini ortaya qoydu. Bu yanaşma ABŞ-ın Amerika qitəsində üstünlük qurmasının vacibliyini müdafiə edən və 1823-cü ilə aid olan Monro Doktrinasının XXI əsr üçün yenilənmiş forması kimi qiymətləndirilir.
Tramp administrasiyası bu mövqeni bir aydan az müddət sonra praktiki addımlarla həyata keçirdi.
ABŞ yanvarın 3-də Venesuelada “Mütləq Qətiyyət Əməliyyatı”nı başlatdı. Dünyanın ən böyük neft ehtiyatlarına malik olan ölkədə keçirilən əməliyyat prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin ələ keçirilməsi və azı 40 nəfərin ölümü ilə nəticələndi.
Trampın həftələrlə davam edən təhdidlərindən və narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən gəmilərə qarşı hücumlardan sonra Venesuelaya yönəlmiş bu əməliyyat beynəlxalq miqyasda ciddi narahatlıq doğurdu. ABŞ-ın həm müttəfiqləri, həm də rəqibləri əməliyyatı qınayan açıqlamalarla çıxış etdillər.
Gecə yarısı həyata keçirilən əməliyyat bir çox cavabsız sual doğurdu: Maduro olmadan Venesuelanı nə gözləyir? ABŞ planlaşdırdığı rejim dəyişikliyini reallaşdıra biləcəkmi? Və Latın Amerikası regionu suveren bir dövlətin seçilmiş liderinə qarşı bu gözlənilməz hücuma necə reaksiya verəcək?
Latın Amerikası üzrə ekspert və York Universitetinin tədqiqatçısı Aleksandr Stoun bildirir ki, Vaşinqtonun detallı planlarına baxmayaraq, sosialist Venesuela dövləti indiyədək möhkəmliyini qoruyub.
Stoun Türkiyənin “TRT World” telekanalına açıqlamasında deyib:
“Keçmiş prezident Uqo Çaves tərəfindən populyarlaşdırılan solçu populist ideologiya olan Çavismonu formalaşdıran siyasi sistem öz mahiyyəti etibarilə yaşamağa və Venesuelanı idarə etməyə davam edir”.
İngilis dilində “Chavism” və ya “Chavezism” kimi tanınan Çavizm sosial rifah proqramlarını, neft sektoru da daxil olmaqla sənayenin milliləşdirilməsini və neoliberal iqtisadi siyasətlərə kəskin etirazı müdafiə edir.
Çaves 2002-ci ildə ABŞ-ın dəstəklədiyi, lakin uğursuz olan hərbi çevriliş də daxil olmaqla, hakimiyyəti dövründə bir neçə çevriliş cəhdindən sağ çıxmışdı.
Keçmiş avtobus sürücüsü və daha sonra həmkarlar ittifaqı lideri olan Nikolas Maduro 2013-cü ildə Çavesin ölümündən sonra prezident vəzifəsini icra etməyə başladı.
Maduronun ələ keçirilməsindən sonra Venesuela müvəqqəti prezident Delsi Rodrigez və daxili işlər naziri Diosdado Kabellonun rəhbərliyi ilə ABŞ-a meydan oxuyan mövqe sərgilədi. Kabello küçələrdə xalq dəstəyini səfərbər edən əsas fiqurlardan biri kimi çıxış edir.
Çavizm sağ qalacaqmı?
Ekspertlər bildirir ki, Maduronun ABŞ tərəfindən ələ keçirilməsinə baxmayaraq, Venesuelanın sosialist hakimiyyəti tək bir liderə deyil, geniş ideoloji və institusional dayaqlara söykənir.
Bu mərhələdə Venesuela Kuba və Nikaraqua kimi sosialist ölkələrin, həmçinin Çin və Rusiya kimi Qərb əleyhinə mövqe tutan dövlətlərin dəstəyinə malikdir.
Stounun sözlərinə görə, Kabello, Rodrigez və onların ətrafındakı siyasi dairə sərt xətt tərəfdarıdır:
“Silahlı qüvvələrlə birlikdə Karakas küçələrini dolduran sosial qüvvələr ABŞ imperializminin dövlət başçılarını bu qədər asanlıqla qaçırmasından qəzəblənib. Hazırda hökumət üzərində ABŞ-ın tələblərinə baş əyməmək üçün güclü ictimai təzyiq var”.
Sosial mediada Çaves ideologiyasını dəstəkləyən bir çox qubernatorun da öz ştatları üzərində nəzarəti saxladıqları ilə bağlı açıqlamalar verdiyi bildirilir.
Televiziya çıxışında Delsi Rodrigez venesuelalılara müraciət edərək bildirib ki, Latın Amerikası – o cümlədən neftlə zəngin Venesuela – artıq heç vaxt “başqa bir imperiyanın müstəmləkəsi olmayacaq”.
Venesuela müdafiə naziri Vladimir Padrino Lopes də xalqı ABŞ-ın “işğalına” qarşı birləşməyə və “azadlıq uğrunda mübarizəyə” çağırdı.
Tramp Rodrigezin ABŞ-ın Venesuela neft sektoruna daxil olması və Vaşinqtonmeylli hökumətin qurulması tələblərinə razı ola biləcəyini iddia etsə də, Rodrigez “Mütləq Qətiyyət Əməliyyatı”nı “barbarlıq” adlandırıb və kompromisə hazır olmadığını bəyan etdi.
“Williams Kolleci”nin politoloqu və Latın Amerikası üzrə mütəxəssis Ceyms E. Mahon Jr. hesab edir ki, ən sərt müqavimət Kabellonun müttəfiqləri və Kuba hərbi kəşfiyyatı tərəfindən göstəriləcək, lakin dövlət aparatının hamısı bu mövqeyi bölüşməyə bilər.
Bəzi ABŞ-li rəsmilər Kuba kəşfiyyatının Nikolas Maduronun təhlükəsizliyini təmin etdiyini iddia etdi. ABŞ Prezidenti Donald Tramp da Maduronun ələ keçirilməsindən sonra verdiyi müsahibədə oxşar fikirlər səsləndirdi.
“Bir çox kubalı həlak oldu. Onlar Maduronu qoruyurdular. Bu, yaxşı bir addım deyildi,” – deyə Tramp bildirdi.
Geosiyasi münaqişələr üzrə beynəlxalq ekspert Dan Steynbok isə ABŞ-ın tam hərbi təzyiqi və gizli əməliyyatlarla dəstəklənən maksimal iqtisadi təzyiqi qarşısında Venesuela müqavimətinin “əhəmiyyətli nəticə” əldə edə biləcəyinə əmin olmadığını deyir.
Steynbok “TRT World” telekanalına açıqlamasında bildirdi ki, Trampın yeni milli təhlükəsizlik strategiyasının da göstərdiyi kimi, artıq bütün Latın Amerikası ölkələri potensial olaraq ABŞ-ın təbii resurs hədəfləri sırasına daxildir.
Aleksandr Stounun fikrincə, Maduronun zorakılıq yolu ilə aradan götürülməsi ABŞ-ın Çavizm hərəkatının aşağı səviyyəli strukturlarını Trampın maksimal tələblərini qəbul etməyə məcbur etməsinə yol aça bilər. Bu tələblərə neft sənayesinin özəlləşdirilməsi və Venesuela dövlətinin narkotik qaçaqmalçılığı ilə iddia edilən əlaqələrinin kəsilməsi daxil ola bilər.
Ekspertlərin sözlərinə görə, ABŞ ölkənin Müdafiə Nazirliyinin yerləşdiyi Fort Tiuna kompleksi də daxil olmaqla bir sıra hərbi obyektləri hədəf alsa da, uzun illərdir dünyaya sülh gətirəcəyini vəd edən Tramp administrasiyası əməliyyatın açıq şəkildə işğal kimi görünməsini istəmədi. Maduro və həyat yoldaşı da məhz Fort Tiuna ərazisində ələ keçirildi.
Stoun Karakasın Vaşinqtonla razılaşmaya gələ bilmə ehtimalına toxunaraq bildirir:
“Tramp bu yolu seçərək birbaşa işğala hazır olmadığı müddətcə, bu, Çavizm hökumətinə həm manevr imkanı, həm də zaman qazandırır”.
O əlavə edir ki, hazırkı vəziyyətdə venesuelalılar üçün münaqişə faktiki olaraq donmuş vəziyyətdədir:
“Onlar ABŞ-ın imperialist təzyiqi ilə təslim olmağa məcbur edilən siyasi rəhbərlik arasında sıxışıb qalıblar”.
Uzlaşma ehtimalı mövcud olsa da, ekspertlər xəbərdarlıq edirlər ki, Çavizm hökuməti ilə Tramp administrasiyası arasında gərginliyin daha da artması daxili qarışıqlıqlara yol aça bilər.
“Williams Kolleci”nin professoru Ceyms E. Mahon Jr. “TRT World”ə verdiyi açıqlamada deyir:
“Bu vəziyyət bir keçid ehtimalı yaradır, lakin eyni zamanda şəhərlərdə küçə toqquşmalarından tutmuş, kənd yerlərində Çavizm partizan qruplarına qədər uzanan vətəndaş müharibəsi riskini də özündə daşıyır”.
ABŞ Venesuelanı idarə edə bilərmi?
Trampın Venesuelanı “idarə etmək” bəyanatına baxmayaraq, ekspertlər bu iddianın reallaşmasının qarşısında ciddi maneələr olduğunu düşünürlər. Hətta Maduro əleyhdarı olan bəzi müxalif fiqurlar belə bu fikrə qarşı çıxır.
Venesuelalı müxalifət nümayəndəsi və dövlət neft şirkətinin keçmiş direktoru Pedro Burelli Trampın bu ideyasını “qeyri-adi” adlandırsa da, Maduronun ələ keçirilməsini dəstəklədiyini bildirdi.
Buna baxmayaraq, Tramp əməliyyatdan sonra keçirdiyi mətbuat konfransında müxalifət lideri Mariya Korina Maçadonun Venesuelanı idarə edə bilməyəcəyini etiraf etdi..
Stoun bu vəziyyəti belə şərh edir:
“Venesuelanı faktiki olaraq hələ də Çaves tərəfdarları idarə etdiyi halda Trampın “biz Venesuelanı idarə edirik” iddiası bir repçinin “bu küçələr bizə məxsusdur” deməsi qədər ciddidir”.
ABŞ-ın əməliyyatı beynəlxalq aləmdə geniş qınandı. Fransa hücumu pislədi, Çin Maduro və həyat yoldaşının dərhal azad edilməsini tələb etdi.. Rusiya isə əməliyyatı “silahlı hücum” kimi qiymətləndirərək Venesuela xalqı ilə həmrəy olduğunu bəyan etdi.
Meksika, Braziliya, Çili, Kolumbiya və Kuba da daxil olmaqla bir çox Latın Amerikası ölkəsi ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsini qınadı.













