İsrail-ABŞ hücumları nəticəsində İranda 4 mindən çox mülki binaya ziyan dəyib
İran tərəfi, ABŞ və İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində yüzlərlə insanın həlak olduğunu, yaşayış binalarına və...
İran tərəfi, ABŞ və İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində yüzlərlə insanın həlak olduğunu, yaşayış binalarına və səhiyyə müəssisələrinə genişmiqyaslı ziyan dəydiyini açıqlayıb.
Raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar ölkə daxilində ciddi dağıntılara yol açıb.
"Mehr" xəbər agentliyinin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir-Hüseyn Kolivand verdiyi açıqlamada 4000-dən çox mülki binanın zərər gördüyünü bildirib.
Kolivand qeyd edib ki, indiyə qədər 3 646 yaşayış yeri və mülki obyekt hədəfə alınıb, 528 ticarət obyekti isə tamamilə dağıdılıb. Bombardmanlar nəticəsində üç xəstəxana fəaliyyətini dayandırıb, 14 səhiyyə mərkəzinə isə ciddi ziyan dəyib.
Fevralın 28-dən başlayan hücumlarda aralarında onlarla məktəbli və bir neçə təhlükəsizlik əməkdaşının da olduğu yüzlərlə insan həlak olub.
Tehran bu hücumlara cavab olaraq İsraili və ərəb ölkələrindəki "Amerika mənfəətləri" adlandırdığı hədəfləri raket və PUA-larla vurduğunu bəyan edib. Bu əks-zərbələr də öz növbəsində mülki infrastruktura, o cümlədən limanlara və yaşayış binalarına ziyan vurub.
Minlərlə raketdən istifadə edilib
“Payne” İnstitutunun analitiklərinə əsasən, ABŞ-İsrail hücumunun ilk 36 saatında 3 mindən çox idarə olunan raket və tutucu qurğulardan istifadə edilib. İran isə buna cavab olaraq regionda 1000-dən çox silahdan istifadə edib. İnstitutun hesablamalarına görə, bura təxminən 380 ballistik raket, 700 "Şahid" PUA-sı və 50-yə yaxın hava hücumundan müdafiə raketi daxildir.
Bu intensiv bombardman fonunda ABŞ, İsrail və Körfəz dövlətləri genişmiqyaslı hava hücumundan müdafiə əməliyyatlarına başlayıb. Əməliyyatın ilkin mərhələsində ABŞ qüvvələri İranın radar sistemlərini sıradan çıxarmaq üçün 210 ədəd JDAM dəqiq idarə olunan bomba, 120 ədəd "Tomahawk" qanadlı raketi, 120 ədəd ucuz PUA və 90 ədəd AGM-88 radiasiya əleyhinə raketdən istifadə edib.
İsrail qüvvələrinin isə hücumlarda təxminən 280 ədəd "Spice" idarə olunan bomba, 140 ədəd ağıllı bomba dəsti, 70 ədəd "Rampage" səsdən sürətli raketi və 50 ədəd "Delilah" qanadlı raketi tətbiq etdiyi bildirilir.