BMT: “Qəzzada qadınlar humanitar faciə ilə üz-üzədir"

BMT beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı hərəkətə keçməyə çağırıb

By
BMT: “Qəzzada qadınlar humanitar faciənin eşiyindədir” / AP

BMT-nin Qadınlar üzrə siyasət, proqramlar və hökumətlərarası dəstək üzrə direktoru Sara Hendriks bildirib ki, İsrail tərəfindən dağıdılmış Qəzzada yaşayan qadınlar və qız uşaqları dünyanın ən dağıdıcı humanitar böhranlarından birini yaşayır. Sara Hendriks qeyd edib ki, Fələstində bir çox insan üçün hətta sağ qalmaq belə gündəlik mübarizəyə çevrilib.

S.Hendriks Nyu-Yorkda yerləşən BMT-nin baş qərargahında keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib: “Qəzzada qadınlar və qız uşaqları sağ qalmağın belə gündəlik mübarizəyə çevrildiyi, dünyanın ən dağıdıcı humanitar faciələrindən və reallıqlarından birini yaşayır.”

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin münaqişələrin dayandırılması ilə bağlı çağırışını təkrar edən S.Hendriks artan zorakılıq hadisələri fonunda Yaxın Şərqdəki qadınlar və qız uşaqları ilə ürəkdən həmrəylik içində olduğunu bildirib.

S.Hendriks əlavə edib ki, BMT Qadınlar qurumu Qəzzada məcburi köç, travma və təhlükəsizlik çatışmazlığı ilə mübarizə aparmaq üçün qadınların rəhbərlik etdiyi təşkilatlarla birgə fəaliyyət göstərir.

“Ehtiyaclar təkcə sağ qalmaqla məhdudlaşmır. Onlar ləyaqət, ədalət, dolanışıq imkanları və gələcəklərini yenidən qurmaq prosesində rol almaq istəyirlər”, — deyə Sara Hendriks vurğulayıb.

O qeyd edib ki, Qəzzada qadınların dayanıqlığı davamlı humanitar yardımın əlçatanlığı, qoruma mexanizmləri və beynəlxalq investisiyalar vasitəsilə dəstəklənməlidir.