Türkiyə Sudanın birliyinə və suverenliyinə güclü dəstəyini bir daha təsdiqləyib
Türkiyənin ABŞ-dəki səfiri rəsmi Ankaranın Sudanın birliyinə və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyib
Türkiyənin ABŞ-dəki səfiri rəsmi Ankaranın Sudanın birliyinə və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyib və münaqişəyə son qoymaq üçün beynəlxalq səyləri dəstəklədiyini bildirib.
Türkiyənin ABŞ-dəki səfiri Sedat Önal rəsmi Ankaranın Sudanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyib və münaqişəyə son qoymaq üçün regional və beynəlxalq səyləri dəstəyini dilə gətirib.
Vaşinqtonda ABŞ Sülh İnstitutunda Sudan Humanitar Fondunun tədbirində çıxış edən səfir Önal diplomatiyanın müharibəyə son qoymağın ən təsirli yolu olaraq qaldığını bildirib.
S.Önal deyib: “Biz inanırıq ki, dialoq və diplomatiya münaqişəyə son qoymağın ən təsirli yoludur. Münaqişəyə son qoymağa yönəlmiş regional və beynəlxalq səyləri dəstəkləyirik”.
ABŞ Dövlət Departamentinin Ərəb və Afrika Məsələləri üzrə Baş Məsləhətçisi Massad Bulosun ev sahibliyi etdiyi tədbirdə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Baş Katibinin müavini və Təcili Yardım Koordinatoru Tom Fletçer, yüksək vəzifəli ABŞ rəsmiləri və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Birləşmiş Krallıq, Fransa və digər ölkələrdən diplomatlar iştirak ediblər.
Səfir Sedat Önal Türkiyənin mövcud fövqəladə şəraitdə yeganə məqsədinin Sudan xalqının əzablarını yüngülləşdirmək və Sudan hakimiyyətinə təcili humanitar ehtiyaclarını ödəməkdə dəstək vermək olduğunu bildirib və iştirakçılara Türkiyənin münaqişənin başlanğıcından bəri Sudana humanitar yardım göstərən ilk ölkələrdən biri olduğunu xatırladıb.
Dağıdıcı münaqişə
Qeyd edək ki, 2023-cü ilin aprel ayından bəri Sudan ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında dağıdıcı münaqişəyə cəlb olunub və nəticədə on minlərlə insan ölüb, milyonlarla insan məcburi köçkün düşüb.
Oktyabr ayında RSF Şimali Darfur əyalətinin paytaxtı əl-Faşiri ələ keçirib. Yerli və beynəlxalq təşkilatlar mülki şəxsləri hədəf alan qırğınlar barədə məlumatlar yayıblar.
Müşahidəçilər bu hücumun ölkənin daha da parçalanmasını dərinləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər.
S.Önal Türkiyənin əl-Faşir şəhərindəki "faciəvi" hadisələrdən sonra BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə əməkdaşlıq çərçivəsində dekabr ayında üç gəmi vasitəsilə Sudana 30 min çadır göndərdiyini bildirərək deyib:
"Türkiyə Qızıl Ayparası və bir çox türk QHT-si Sudanın müxtəlif bölgələrində ehtiyacı olan insanlara qida, sığınacaq və gigiyena materialları kimi müxtəlif humanitar yardımlar göstərməyə davam edir. Ölkəmiz qarşıdakı həftələrdə də xidmət şəklində yardımlarını davam etdirəcək".