“Qalatasaray” Çempionlar Liqasında “Liverpul”a qalib gəldi

“Qalatasaray” – “Liverpul” arasında keçirilən matç zamanı azarkeşlərin stadionda nümayiş etdirdiyi Qəzzəyə dəstək pankartları diqqət çəkib

“Qalatasaray” Çempionlar Liqasında “Liverpul” üzərində qələbə qazandı / AA

Türkiyənin UEFA Çempionlar Liqasındakı yeganə təmsilçisi olan “Qalatasaray” komandası liqadakı ikinci oyununda İngiltərə futbolunun nəhəng klubu “Liverpul”a qarşı İstanbulda gözlənilməz qələbə qazanıb.

Gərgin keçən oyunda Qalatasaray 16-cı dəqiqədə hücumçu Viktor Osimhenin penalti zərbəsini dəqiq yerinə yetirməsi ilə önə keçib və qarşılaşmanı bu hesabla başa vurmağı bacarıb.

“Qalatasaray”da qapıçı Uğurcan Çakırla yanaşı xüsusilə İsmayıl Yakobs və Vilfred Sinqo kimi müdafiəçilər möhtəşəm performansları ilə diqqət çəkiblər. Komandanın nigeriyalı ulduz oyuncusu Viktor Osimhen isə uzun müddətdir əziyyət çəkdiyi zədədən sonra əsas heyətdə başladığı ilk oyunda qol vurmağı bacarıb.

Bu nəticə ilə “Qalatasaray” 36 komandadan ibarət liqada orta sıralara yüksələrək, ilk 8-liyə düşmək üçün ümidlənib.

“Qalatasaray” azarkeşləri oyun zamanı həm mühasirə altındakı Qəzzadakı, həm də işğal altındakı İordan çayının qərb sahilindəki fələstinlilərlə həmrəylik nümayiş etdiriblər.

“Rams Park” stadionunda “Qəzzada bəşəriyyət vicdanını itirdi”, “Fələstin Soyqırımı”, “Fələstinə Azadlıq” və “Fələstinli Körpələr Yaşasın” yazılı pankartlar diqqət çəkib.

Oyundan əvvəl “sarı-qırmızılar”ın azarkeşləri iyul ayında İspaniyada baş vermiş avtomobil qəzasında həlak olan “Liverpul”un sabiq hücumçusu Dioqu Jotaya da başsağlığı veriblər. “You`ll Never Walk Alone” (Səni əsla unutmayacağıq) yazılı pankart açılıb və orada bir neçə il əvvəl avtomobil qəzasında dünyasını dəyişən “Qalatasaray”ın keçmiş futbolçusu Əhməd Çalık da yad edilib.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasındakı növbəti oyununu Norveç təmsilçisi “Bode-Qlimt”lə 22 oktyabrda İstanbulda keçirəcək. Liqanın favoritlərindən olan “Liverpul” komandası isə həmin gün Almaniyanın “Ayntraxt Frankfurt” klubu ilə qarşılaşacaq.

SOURCE: TRT