Müdafiə sənayesindən bəhs edərkən, Türkiyənin son illərdə atdığı addımlar artıq sərgilərdən çox daha dərin məna kəsb edir. Bu ilin ortalarında yekunlaşan "SAHA EXPO 2026" sərgisi təkcə yeni sistemlərin və imzalanan müqavilələrin nümayişi olmadı. Bu tədbir, eyni zamanda, Türkiyənin müdafiə sahəsində hara doğru irəlilədiyini də aydın şəkildə gözlər önünə sərdi. Burada xüsusilə iki məqam diqqət çəkirdi.
Birincisi: Türkiyənin dəniz sahəsi üçün platforma və sistem hazırlama gücü, bəlkə də, ilk dəfə bu dərəcədə konkret şəkildə gün üzünə çıxdı. "Mavi Vətən"in dərinliklərində kritik rola sahib olacaq heyətli və heyətsiz mini sualtı qayıqlar, sualtı kamikadze insansız dəniz vasitələri, dərin sularda dəstə şəklində hərəkət edə bilən texnikalar.
İkincisi: Türkiyənin təkcə bu sistemləri istehsal etməklə kifayətlənmədiyi aydın oldu. Ölkənin insansız nəqliyyat sistemi təhdidlərinə qarşı çox təkmilləşdirilmiş həll yolları hazırladığı da göründü. Bəllidir ki, Ankara rəhbərliyi bu məsələyə sadəcə PUA istehsalı olaraq baxmır.
Bəs Türkiyə bu səviyyəyə necə gəlib çatdı? Sualtı sahədəki bu sıçrayışı digər ölkələrdən fərqləndirən əsas amil nədir?
Bu sualların cavabını müdafiə sənayesi üzrə mütəxəssis Kozan Səlcuq Erkanın "TRT Haber" üçün verdiyi qiymətləndirmələrlə birlikdə nəzərdən keçirəcəyik.
K.S.Erkanın sözlərinə görə, Türkiyə mühüm bir məsələyə diqqət yetirib. O da budur ki, hər hansı bir sistemi yerli və milli imkanlarla istehsal edə bilmək, təkcə qürur verici bir məsələ deyil. Bu, həm də strateji bir zərurətdir. Çünki döyüş meydanından əldə etdiyiniz hər bir nəticə əlinizdəki məhsulu daha da mükəmməlləşdirməyə imkan verir. Xarici ölkələrdən asılı olduğunuz təqdirdə isə bu uğuru əldə edə bilmirsiniz. Məsələylə bağlı K.S.Erkan belə deyir: "Rəsmi Ankara yeni dövrün tələblərini çox sürətli şəkildə gördü və adekvat mövqe tutdu."
Sualtı sistemlərə keçməzdən əvvəl K.S.Erkan insansız döyüş sistemləri məsələsinə də xüsusi diqqət çəkir. O, təkcə "SAHA EXPO" çərçivəsində bu sahədə 3 müqavilənin imzalanmasını gələcək dövr üçün güclü bir siqnal kimi qiymətləndirir.
İndi isə ən kritik məqama keçid edək - alt komponentlər.
K.S.Erkanın diqqət yetirdiyi məsələ odur ki, əvvəllər model və ya prototip kimi gördüyümüz sualtı sistemlər artıq tam hazır vəziyyətə gətirilib. Davamlı istehsala başlanılıb, aidiyyəti qoşun növləri ilə müqavilələr imzalanıb. Lakin əsl həyəcanverici məqam bu deyil.
Əsl həyəcanverici məqam odur ki, yeni mərhələdə yerli istehsalat miqdarının təəccübləndirəcək dərəcədə yüksək olmasıdır.
K.S.Erkan bunu belə izah edir: "Suyun altı tamamilə fərqli bir aləmdir və hələ də bir çox qismi kəşf edilməyib. Bu sahədə nə isə istehsal edə bilmək son dərəcə qiymətlidir. Bizi irəlidə mini sualtı qayıqlar, dərin sularda kamikadze tapşırığını yerinə yetirəcək platformalar gözləyir. Həmçinin su altında hücum imkanlarımızı ən yüksək səviyyəyə çatdıracaq sursat və sistemlər də planlaşdırılır."
Bəs yerli istehsalat miqdarı niyə bu qədər mühümdür? K.S.Erkan bu məsələdə Ukrayna nümunəsini çəkir.
Ukrayna insansız sistemlər sahəsində kifayət qədər yüksək həcmdə istehsal həyata keçirə bilir. Lakin həmin istehsaldakı alt sistemlər demək olar ki, tamamilə xarici ölkələrdən asılıdır. Avropadan, ABŞ-dan və Çindən gələn kritik komponentlər mövcuddur. Belə olduğu halda təchizat zəncirində baş verən ən kiçik bir axsama bütün prosesi dayandıra bilir.
Türkiyə isə bu reallığı qabaqcadan gördü. Son bir neçə ildə diqqətini məhz bu alt sistemlərin yerli istehsalına yönəltdi. Məhz "SAHA EXPO" sərgisi də bu fəaliyyətlərin artıq öz bəhrəsini verdiyini aydın şəkildə göstərdi.
K.S.Erkanın yekun sözləri həm bir qiymətləndirmə, həm də gələcəyə dair mühüm bir proqnoz xarakteri daşıyır: "Nəticə etibarilə planlaşdırılan yol xəritəmizə düzgün şəkildə əməl edə bilsək, insansız sualtı sistemlər sahəsində də adımızı tez-tez ucalardan eşitdirə biləcəyimiz yeni bir dövrə qədəm qoyarıq."
Türkiyə dövləti səmada artıq öz sözünü deyib. İndi isə növbə dənizin dərinliklərindədir.






















