Bu gün müasir texnologiyanın əvəz olunmazına çevrilən nadir torpaq elementləri haqqında danışacağıq. Smartfon telefonlardan elektrikli avtomobillərə, külək turbinlərindən müdafiə sənayesinə qədər bir çox sahədə istifadə olunan bu elementlər günümüz texnologiyasının əsas ehtiyacları arasında yer alır.
Güclü maqnitlərdə, batareyalarda və ya elektron sistemlərdə istifadə edilən bu elementlər, xüsusən "yaşıl enerji"yə keçid və rəqəmsallaşma ilə birlikdə qlobal miqyasda daha çox diqqət çəkir.
Bu vəziyyət Türkiyənin malik olduğu potensialı da gündəmə gətirir. Belə ki, Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarın "Biz ölkə olaraq nadir torpaq elementləri sahəsində dünyanın ilk beş ölkəsi sırasına daxil olacağıq" açıqlaması bu istiqamətdəki hədəfləri ortaya qoyur.
Türkiyənin nadir torpaq elementləri üzrə potensialını İstanbul Universiteti-Cərrahpaşa Mühəndislik Fakültəsinin Mədən Mühəndisliyi kafedra müdiri professor İlgin Kurşunun “TRT Haber” kanalı üçün verdiyi reportajı sizə təqdim edirik.
"Nadir" ifadəsi əslində tam olaraq zənn edildiyi mənaya gəlmir
Nadir torpaq elementləri adındakı "nadir" anlayışı çox vaxt səhv başa düşülür. Alim İlgin Kurşun bu ifadənin çoxluq vəya azlıqla əlaqəli olmadığını vurğulayır:
"Nadir torpaq elementlərinin “nadir” adlandırılmasının əsas səbəbi bu elementlərin yer qabığında az tapılması deyil. Əsas səbəb formalaşma prosesi baxımından nadir torpaq elementlərinin mürəkkəb quruluşa malik olmasıdır. Bu səbəbdən emal şəraitinin çətinliyi ilə yanaşı, onların iqtisadi baxımdan istismara yararlı konsentrasiyalarda toplandığı yataqlar da məhduddur".
Yüksək texnologiya istehsalında kritik rol
Nadir torpaq elementlərinin kimyəvi cəhətdən bir-birinə çox oxşar olması özü ilə bəzi problemlər də gətirir. Professor İlgin Kurşun bunu belə izah edir:
"Nadir torpaq elementlərinin oxşar kimyəvi xüsusiyyətlər göstərməsi səbəbindən onların bir-birindən ayrılması texniki baxımdan çətindir. Günümüzdə bu elementlərin emalı zamanı qarşıya çıxan başlıca çətinliklərdən biri məhz budur".
-Nadir torpaq elementləri xüsusilə qabaqcıl texnologiya məhsullarında əvəzolunmaz hesab edilir. Professor İlgin Kurşun bu elementlərin nə üçün strateji xammal sayıldığını belə izah edir:
"Nadir torpaq elementləri, xüsusilə neodim, praseodim, disproziy, terbiy kimi lantanoidlər, həmçinin itriy və skandiy yüksək məhsuldarlıqlı texnoloji son məhsulların istehsalında istifadə olunur. Yaşıl enerjiyə keçid və rəqəmsallaşma yönümlü texnologiyalara qlobal marağın sürətlə artması, eləcə də bu maddələrin alternativinin olmaması onları kritik və strateji xammal edir. Bu elementlər müasir sənayenin ən vacib xammal resurslarından biri kimi qəbul olunur".
Nadir torpaq elementlərinin geniş istifadə sahəsi var. Lakin onlar xüsusilə müdafiə sənayesi, elektrikli avtomobillər və külək enerjisi kimi elektromexaniki sistemlərdə daha intensiv tətbiq olunur.
Türkiyədə önə çıxan sahələr
Dünyada nadir torpaq elementləri ehtiyatları əsasən Çin, Vyetnam, Braziliya, Hindistan, Avstraliya və Rusiyadadır. Təxminən 120 milyon ton olan qlobal ehtiyatların 35 faizinə sahib olan Çin istehsal və ixracda da birinci sıradadır. Dünya üzrə ümumi nadir torpaq elementləri istehsalının təxminən 70 faizi məhz Çinin payına düşür.
Türkiyədə nadir torpaq elementləri ilə bağlı tədqiqatlara ilk dəfə 1950-ci illərin sonlarında Mədən Axtarış və Araşdırma Baş İdarəsi (MTA) tərəfindən başlanılıb. Bu müddətdə müxtəlif bölgələrdə diqqətçəkən element sahələri müəyyən edilib.
Bəs Türkiyənin hansı bölgələri nadir torpaq elementləri baxımından zəngindir?
Türkiyənin məlum olan ən mühüm nadir torpaq elementi sahələrindən biri Eskişehir-Kızılcaören bölgəsidir. Professor İlgin Kurşun bu yatağın quruluşuna diqqət çəkərək deyir:
"Türkiyənin ən yüksək nadir torpaq elementləri ehtiyatına malik element yatağı bastnezit, florit və barit minerallarının yer aldığı Eskişehir-Kızılcaören sahəsidir".
Kızılcaören sahəsində serium, lantan və neodim kimi nadir torpaq oksidləri var. Bölgədə sınaq müəssisəsi miqyasında istehsal işləri davam edir. İlk mərhələdə lantan, serium, praseodim və neodim elementlərinin istehsalı hədəflənir.
Professor İlgin Kurşun digər regionlardakı potensiala da diqqət çəkərək sözlərini belə yekunlaşdırır:
"Ölkəmizdə böyük potensiala malik mühüm nadir torpaq elementləri yataqlarından biri də İsparta-Çanaklıdadır. Malatya-Kuluncaq bölgəsindəki elementlər isə lantan, serium, praseodim, neodim, itriy ilə yanaşı, torium elementini də özündə ehtiva edir".
Görünən odur ki, Türkiyə nadir torpaq elementləri sahəsində böyük potensiala malikdir və bu istiqamətdə qabaqcıl ölkələr sıralamasında yerini tutmağa hazırlaşır.




















