Türkiyənin birinci xanımı Antalya Diplomatiya Forumunda Fələstinə həsr olunmuş paneldə iştirak edib
Nazirlər, prezident xanımları və beynəlxalq nümayəndələr daxil olmaqla yüksək vəzifəli iştirakçılar həmrəylik proqramına qatılıblar
Türkiyə Respublikasının Prezidentinin xanımı Əminə Ərdoğan Antalya Diplomatiya Forumu (ADF) 2026 çərçivəsində təşkil olunan “Fələstin üçün Tək Ürək” mövzulu yüksək səviyyəli paneldə iştirak edib.
Aprelin 18-də keçirilən panel Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə siyasi fiqurları və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirib. İştirakçıların çıxışları ilə yanaşı, Ekseter Universitetindən israilli tarixçi İlan Pappenin video müraciəti də nümayiş olunub.
Tədbir ailəvi foto çəkilişi ilə başa çatıb. Daha sonra Əminə Ərdoğan və onu müşayiət edən qonaqlar eyni mövzu üzrə təşkil olunan sərgi ilə tanış olublar.
Sosial media hesabında paylaşım edən Ə.Ərdoğan müxtəlif ölkələrdən lider xanımları, nazirlər və beynəlxalq nümayəndələrlə birlikdə “ortaq vicdan” ətrafında bir araya gəldiklərini bildirib. O, Fələstinə göstərilən dəstəyə görə iştirakçılara təşəkkür edib və bu həmrəyliyin “qalıcı və mənalı nəticələr” verməsini arzuladığını qeyd edib.
Qlobal qeyri-müəyyənliyin idarə olunması
Tədbir forum çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş və Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum kimi mühüm iştirakçıları da bir araya gətirib.
Bundan əlavə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti, Serbiya eləcə də Bosniya və Herseqovina daxil olmaqla bir sıra ölkələrdən yüksək vəzifəli siyasi liderlərin xanımları da tədbirdə iştirak ediblər.
Beynəlxalq iştirakçılar arasında Fələstinin Ankaradakı səfiri Nasri Əbu Ceyş və BMT Baş katibinin Uşaqlara Qarşı Zorakılıq üzrə xüsusi nümayəndəsi Nəcat Maalla Məcid yer alıb. Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva və Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva da tədbirdə iştirak edib.
Dünya liderləri və yüksək vəzifəli hökumət rəsmiləri bu il qlobal qeyri-müəyyənliyin idarə olunmasına həsr olunmuş bu mühüm beynəlxalq tədbir çərçivəsində aprelin 19-a qədər Türkiyədə olacaqlar.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən forum “Sabahı formalaşdırmaq, qeyri-müəyyənlikləri idarə etmək” mövzusu ətrafında təşkil olunub.