''Rusiyanın Şimali Koreyaya sualtı qayıqların inkişafı üçün yardım etdiyinə dair əlamətlər var''
Bu barədə Cənubi Koreyanın müdafiə naziri Ahn Qyu-bak parlamentdə çıxışı zamanı bildirib
Cənubi Koreyanın müdafiə naziri Ahn Qyu-bak parlamentdə çıxışı zamanı Rusiyanın Şimali Koreyaya sualtı qayıqların inkişafı üçün texniki yardım etdiyinə dair əlamətlərin olduğunu bildirib.
Nazirin sözlərinə görə, Şimali Koreya bu məqsədlə müxtəlif texnologiyalar əldə edib.
O, həmçinin qeyd edib ki, rəsmi Pxenyanın qitələrarası ballistik raketlər buraxa bilən sualtı qayıq istehsal etmək qabiliyyətinə malik olduğu qənaətinə gəlmək üçün hələ tezdir.
Qeyd olunur ki, Şimali Koreya ballistik raketlər buraxa bilən sualtı qayıqlar istehsal etmək niyyətini açıq şəkildə bəyan edib və artıq bu cür raketlərin sualtı platformalardan buraxılması üzrə bir sıra sınaqlar həyata keçirib.
Məlumata görə, Pxenyan administrasiyası nüvə enerjisi ilə işləyən sualtı qayıqların istehsalı ilə bağlı işləri davam etdirir.
Şimali Koreya və Rusiya son iki il ərzində hərbi əməkdaşlığını əhəmiyyətli dərəcədə gücləndirib. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Pxenyan Rusiya adından Ukraynada döyüşmək üçün 10 mindən çox əsgər göndərib və bunun qüqabilində iqtisadi və hərbi texnologiya dəstəyi alıb.