Fələstinlilər Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə Qəzzəyə qayıdır
Misir mediasının yaydığı məlumata görə, Qəzzaya qayıdan fələstinlilərdən ibarət ikinci qrup fevralın 2-də giriş prosedurlarını tamamlamaq üçün Rəfah sərhəd keçid məntəqəsinə gedib
Misir mediasının yaydığı məlumata görə, Qəzzaya qayıdan fələstinlilərdən ibarət ikinci qrup fevralın 2-də giriş prosedurlarını tamamlamaq üçün Rəfah sərhəd keçid məntəqəsinə gedib.
"Al-Qahera News" xəbər verir ki, bu şəxslər daha əvvəl müalicə məqsədilə Misirə gedən fələstinlilərdir. Onlar Qəzzaya daxil olmazdan əvvəl zəruri inzibati sənədləşmə işlərini yekunlaşdırmaq üçün günün ilk saatlarında sərhəd məntəqəsinə müraciət ediblər. Misirdən qayıdan ilk fələstinli qrup isə bazar ertəsi səhər saatlarında sərhədi keçərək Qəzza zolağına daxil olub.
İsrail mediasının yaydığı məlumata görə, fevralın 2-də təxminən 50 fələstinlinin Qəzzaya qayıtmasına icazə veriləcəyi, 150 xəstə və müşayiətçinin isə müalicə üçün bölgədən çıxacağı gözlənilir. Bununla belə, Qəzza səhiyyə rəsmilərinin məlumatına görə, təxminən 22 000 xəstə hələ də sərhədin tam açılmasını gözləyir.
Xatırladaq ki, İsrail qüvvələri 2024-cü ilin may ayında sərhəd keçid məntəqəsinə nəzarəti ələ keçirib. Yerli rəsmilərin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayan müharibə nəticəsində 71 000-dən çox insan həlak olub, 171 000-dən çoxu isə yaralanıb. Qəzzadakı media ofisi 2025-ci ilin oktyabrında əldə olunan atəşkəsə baxmayaraq, o vaxtdan bəri 524 nəfərin öldüyünü, 1360 nəfərin isə yaralandığını bildirib.
Rəfah sərhəd keçid məntəqəsinin atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində oktyabrda açılması planlaşdırılsa da, İsrail Qəzzadakı sonuncu girovun qalıqları qaytarılana qədər bu qərarı ötən həftəyə qədər təxirə salmışdı.