Stiv Vitkof:''Donald Tramp liderlərə Qəzza ilə bağlı sülh planını təqdim edib''

Bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi məlumat verib

Stiv Vitkof:''Donald Tramp liderlərə Qəzza ilə bağlı sülh planını təqdim edib'' / Reuters

ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkof bildirib ki, Donald Tramp bu həftə ərəb və müsəlman ölkələrinin liderləri ilə görüşlərdə Qəzza müharibəsinə son qoymaq məqsədi ilə hazırlanmış 21 maddəlik sülh planını təqdim edib. Onun sözlərinə görə, plan çərşənbə axşamı BMT Baş Assambleyası çərçivəsində keçirilən iclaslarda açıqlanıb. Vitkof həmçinin bildirib ki, yaxın günlərdə bu istiqamətdə müəyyən irəliləyişlərin baş verəcəyi gözlənilir.

İclasda iştirak edən ölkələrin yaydığı birgə bəyanatda qeyd olunub ki, liderlər Trampın təşəbbüsünə dəstək verərək müharibənin dayandırılması üçün onun liderliyinin vacibliyini vurğulayıblar.

Benyamin Netanyahu isə Fələstinin dövlət kimi tanınmasına dair beynəlxalq ictimaiyyətin artan dəstəyini kəskin tənqid edib. O, Avstraliya, Böyük Britaniya, Kanada və Fransa kimi ölkələrin bu mövqeyini rədd edərək bəyan edib ki, bəzi liderlərin Fələstin terroruna boyun əyməsinin İsrail üçün heç bir əhəmiyyəti yoxdur.

Qəzzada isə humanitar vəziyyət getdikcə ağırlaşır. Qəzza Mülki Müdafiə Agentliyinin məlumatına görə, sentyabrın 24-də İsrailin hava zərbələri nəticəsində onlarla insan həyatını itirib. Həlak olanlar arasında Firas bazarı yaxınlığındakı anbara sığınan 22 nəfər də var. Sosial mediada yayılan görüntülərdə sakinlərin dağıntılar altında qalan insanları axtardığı, qadınların isə ağ kəfənlərə bürünmüş cəsədlərin üzərində ağladığı əks olunub. Agentlik bildirib ki, Xan Yunisdə yerləşən yardım paylama mərkəzinin yaxınlığında da azı səkkiz nəfər həlak olub. İsrail ordusu isə bu hücumlarla əlaqəsi olmadığını açıqlayıb.

2023-cü ilin oktyabrından bəri davam edən hücumları nəticəsində Qəzzada 65 mindən çox insan həyatını itirib. Bu rəqəmə hələ də dağıntılar altında olduğu ehtimal edilən təxminən 11 min insan daxil deyil. Ekspertlər isə həlak olanların gerçək sayının Qəzza rəsmilərinin açıqladığından qat-qat çox ola biləcəyini bildirib. İsrail isə beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını qəbul etmir və hücumlarını davam etdirir.

İsrailin Qəzzada apardığı hərbi əməliyyatlarla bağlı beynəlxalq hüquqi təzyiqlər də artır. Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə qərar verib.

Bütün bu proseslər fonunda ABŞ-ın İsrailə göstərdiyi hərbi və maliyyə dəstəyi də diqqət mərkəzindədir. Vaşinqton İsrailə ildə 3,8 milyard dollar yardım ayırır. 2023-cü ilin oktyabrından bu yana bu ölkəyə ümumilikdə 22 milyard dollardan çox vəsait göndərib. Amerikanın Xarici Əlaqələr Şurasının məlumatına görə, ABŞ 1946-cı ildən bu günə qədər İsrailə inflyasiyaya uyğunlaşdırılmış şəkildə 310 milyard dollardan artıq hərbi və iqtisadi yardım göstərib.