Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək
Səfər çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də regional və qlobal proseslər müzakirə ediləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də (bu gün) Səudiyyə Ərəbistanına, fevralın 4-də isə Misirə səfər edəcək. Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.
İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran qeyd edib ki, ölkə başçısı R.T.Ərdoğan paytaxt Riyadda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə görüşərək Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dərinləşən əməkdaşlıq məsələlərini, eləcə də regional və qlobal prosesləri müzakirə edəcək.
Burhanəddin Duran bildirib ki, dövlət başçısı R.T.Ərdoğan daha sonra Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə fevralın 4-də Qahirəyə yollanacaq. Prezident R.T.Ərdoğan burada Türkiyə–Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək.
B.Duran əlavə edib ki, Misir səfəri zamanı R.T.Ərdoğan və Ə.Sisinin ikitərəfli məsələləri müzakirə etməsi, xüsusilə Fələstin də daxil olmaqla regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparması gözlənilir.
Qeyd edilib ki, ölkə başçısı R.T.Ərdoğan Qahirəyə səfəri çərçivəsində Türkiyə–Misir İş Forumunda da iştirak etməyi planlaşdırır.