ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır

İsrail rəhbərliyi ABŞ-nin Sülh Şurasına qoşulması üçün dəvətini qəbul edib

By
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır / AA

“Axios” xəbər portalının fevralın 6-da ABŞ və diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Ağ ev Qəzzada atəşkəsin ikinci mərhələsinə keçidi müzakirə etmək və müharibənin dağıtdığı Fələstin ərazilərində yenidənqurma işləri üçün vəsait toplamaq məqsədilə fevralın 19-da Qəzza Sülh Şurasının liderlər sammitinə ev sahibliyi etməyi planlaşdırır.

“Axios”un ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, bu toplantı Sülh Şurasının ilk iclası olacaq və Qəzzanın yenidən qurulması üçün vəsait toplama konfransı kimi təşkil ediləcək.

Xəbərə əsasən, D.Tramp administrasiyası ölkə rəhbərlərini dəvət etmək və logistika məsələlərini müzakirə etmək üçün onlarla ölkə ilə əlaqə saxlamağa başlayıb.

Görüşün Vaşinqtondakı Sülh İnstitutunda keçirilməsi gözlənilir.

Mənbələrdən biri “Axios”a bildirib: “Hələ heç nə təsdiqlənməyib, lakin ABŞ administrasiyası bu plan üzərində işləyir və hansı liderlərin iştirak edə biləcəyini müəyyənləşdirməyə başlayıb.”

İsrailin baş naziri Benyamin Netanyahunun planlaşdırılan toplantıdan bir gün əvvəl fevralın 18-də D.Tramp ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, B.Netanyahu ABŞ prezidenti Donald Trampın İsrailin idarə heyətinə qoşulmaq dəvətini qəbul etsə də, hələlik nizamnaməni imzalamayıb. B.Netanyahu toplantıda iştirak edərsə, bu, Fələstin müqavimət hərəkatı “Həmas”ın 7 oktyabr hücumundan və daha sonra İsrailin Qəzzaya qarşı başladığı hərbi əməliyyatlardan bəri onun ərəb və müsəlman liderlərlə ictimaiyyət qarşısında ilk görüşü olacaq.

Bildirilir ki, Ağ ev məsələ ilə bağlı şərh verməkdən imtina edibr. Çünki sammitlə bağlı planlar hələ ilkin mərhələdədir və dəyişə bilər.