İsrail Livana ağır zərbələr endirdi, ölən və yaralananlar var
Bu barədə Livanın Milli Xəbər Agentliyinin yaydığı məlumatda bildirilib
Livan-Suriya sərhədi yaxınlığındakı Məcdəl Əncər şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) bir nəqliyyat vasitəsini hədəf alıb. Bu barədə Livanın Milli Xəbər Agentliyinin yaydığı məlumatda bildirilib. Məlumata görə, hücum nəticəsində azı dörd nəfər həlak olub.
Agentliyin yaydığı xəbərdə qeyd olunur ki, pilotsuz uçuş aparatı Əl-Məsnə sərhəd keçid məntəqəsi ilə Livan–Suriya sərhədində yerləşən Cədidə Yabus kəndi arasında hərəkət edən nəqliyyat vasitəsini hədəf alıb. Hücum nəticəsində xəsarət alanların da olduğu bildirilir. Məlumata yaxınlıqdakı kəndlərdə dörd güclü partlayış səsinin eşidildiyi vurğulanıb.
Bildirilir ki, İsrail həm uzun illərdir nəzarətində saxladığı ərazilərdə, həm də 2023-cü ilin oktyabrında başlayan müharibə dövründə ələ keçirdiyi beş strateji yüksəklikdə öz hərbi mövcudluğunu davam etdirir.
Qeyd edək ki, İsrailin Livana endirdiyi zərbələr nəticəsində indiyədək 4 mindən çox insan həyatını itirib, 17 mindən artıq adam isə yaralanıb.