Türkiyə Cümhuriyyəti Prezidentinin Küveyt, Qətər və Omana rəsmi səfəri Ankaranın Qəzzadan tutmuş Körfəzə qədər regionun üzləşdiyi təhlükəsizlik problemlərini diqqət mərkəzində saxlayarkən iqtisadi əlaqələri dərinləşdirmək səylərini vurğulayır.
Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-dən etibarən üç Körfəz ölkəsinə əhəmiyyətli rəsmi səfərinə başlayır.
Həmin ölkələrə reallaşacaq səfərlər Ankaranın regionda dəyişən dinamika fonunda iqtisadi və strateji təsirini dərinləşdirmək istəyini nümayiş etdirir.
Prezident Ərdoğan rəsmi səfərinə Küveytdən başlayacaq, 22-23 oktyabrda Qətər və Omana gedəcək.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran "X" platformasında etdiyi paylaşımda "Səfərlər çərçivəsində beynəlxalq məsələlər, xüsusilə regional inkişaflar üzrə məsləhətləşmələr nəzərdə tutulur" deyib.
B.Duran həmçinin bildirib ki, region ölkələri ilə ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər müzakirə olunacaq.
Prezidentin yüksək səviyyəli nümayəndə heyəti ilə reallaşdıracağı səfəri zamanı müxtəlif ikitərəfli sazişlər imzalayacağı gözlənilir.
Prezident Ərdoğan səfərinin ilk dayanacağı olaraq paytaxt Küveytdə ölkənin əmiri ilə görüşəcək.
Onun Körfəz səfərinin ikinci dayanacağı Qətər olacaq. Ərdoğan oktyabrın 22-də Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.
Görüş zamanı ikitərəfli münasibətlərdən tutmuş regional məsələlərə qədər geniş mövzular müzakirə olunacaq. Qəzzada atəşkəs prosesi və bölgənin yenidən qurulması gündəmin əsas mövzusu olacaq.
Oktyabrın 23-də Ərdoğan Körfəz səfərinin son dayanacağı olan Omana gedəcək. O, Maskatda Sultan Heysəm bin Tariq ilə ikitərəfli görüşlər keçirəcək. İqtisadi əməkdaşlıqla yanaşı, regional hadisələr də müzakirə olunacaq.
Rəsmilərin sözlərinə görə, gündəliyə ticarət, enerji, müdafiə və yeni texnologiyalar sahələrində əməkdaşlığın gücləndirilməsi, habelə təcili təhlükəsizlik məsələlərinin həlli daxildir.
Orta Doğu Texnik Universitetində vəzifəli Prof. Dr. Oqtay Tanrısever "TRT World" telekanalına açıqlamasında "Bu səfərlər təkcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bu səfərlər həm də xüsusilə İsrailin Dohaya hücumundan sonra, Qəzza və Suriyada yenidənqurma işləri zamanı Türkiyənin regional təhlükəsizliyə sadiqliyini vurğulamaq üçün həyata keçirilir" deyib.
Təhlükəsizlik və iqtisadiyyat arasında balans
Prezident Ərdoğanın səfəri Qəzzada kövrək atəşkəs və Əsəd rejiminin süqutundan sonra Suriyanın yenidən qurulması səyləri fonunda baş tutur.
Analitiklər Türkiyənin həm təhlükəsizlik zəmanətçisi, həm də yenidənqurma tərəfdaşı kimi mövqe tutduğunu irəli sürürlər.
Ankaradakı Hacı Bayram Vəli Universitetinin dosenti Suay Nilhan Açıkalın “TRT World” telekanalına deyib ki, atəşkəsin davamlılığı müzakirələrin mərkəzində olacaq. Körfəz ölkələrinə səfəri Türkiyəyə enerji sahəsindən süni intellektə qədər geniş spektrdə əməkdaşlığı genişləndirmək üçün platforma təqdim edir.
Ankaradakı rəsmi şəxslər iqtisadi diplomatiyanı təhlükəsizliklə əlaqəli hesab edirlər. Müdafiə qabiliyyətlərini genişləndirən Körfəz ölkələri Türkiyənin müdafiə sənayesi ixracatı üçün getdikcə daha vacib hala gəlir.
O.Tanrısever deyib: “Prezident Ərdoğan həmişə Körfəz ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verib və bu səfər həm iqtisadi, həm də təhlükəsizlik əlaqələrini daha da gücləndirəcək”.
Prezident Ərdoğan daha əvvəl bir neçə dəfə Küveyt və Qətəri ziyarət etsə də, Oman səfəri onun prezident kimi bu ölkəyə ilk rəsmi səfəridir.
Müşahidəçilər deyirlər ki, bu, simvolik əhəmiyyət daşıyır. “Maskat səfəri özü-özlüyündə əhəmiyyətlidir. Bu, ikitərəfli münasibətlərdə yeni bir fəsil açmaq imkanı təqdim edir və Türkiyənin Omanın ənənəvi müstəqil xarici siyasətinə və onun regional vasitəçi roluna marağını göstərir”, -deyə Sual Nilhan Açıkalın qeyd edib.
İmzalanması gözlənilən razılaşmalar
Diplomatik mənbələr təsdiqləyir ki, səfər zamanı bir sıra ikitərəfli və çoxtərəfli razılaşmalar imzalanacaq.
Bu razılaşmalar investisiya, enerji təhlükəsizliyi və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığı genişləndirəcək.
Süni intellekt kimi yeni sahələri gündəmə daxil etməklə Türkiyə Körfəzin modernizasiya strategiyalarına uyğunlaşmaq istəyini nümayiş etdirir.
Açıkalın deyib ki, razılaşmalar Türkiyənin yanaşmasının genişliyini əks etdirəcək. Müdafiə müqavilələrindən rəqəmsal tərəfdaşlıqlara qədər Körfəz Ankaranın ən çoxşaxəli diplomatik arenalarından birinə çevrilir.
Səfərlər həm də regional və beynəlxalq ictimaiyyətə mesaj göndərir.
Prezident Ərdoğanın bu səfərləri Ankaranın regional qeyri-sabitlikdən getdikcə daha çox narahat olan Körfəz paytaxtları üçün həm tərəfdaş, həm də sabitlik təmin edən kimi çıxış etmək niyyətini nümayiş etdirir.
Tanrısever əlavə edib ki, Türkiyənin Körfəz ölkələrinin təhlükəsizliyinə marağı sadəcə ritorik deyil, konkret müdafiə, ticarət və diplomatik təşəbbüslərlə dəstəklənir".
Ekspertlər bu diplomatik səfərlərin nəticələrinin Türkiyənin ikitərəfli əlaqələrini gücləndirməklə yanaşı, Körfəzin iqtisadi və təhlükəsizlik əsaslarının formalaşmasında artan təsirini nümayiş etdirəcəyini proqnozlaşdırırlar.


















