Türkiyənin Ukraynaya dəstəyi Avropa İttifaqı Şurasında yüksək qiymətləndirildi

BMT Baş Assambleyası çərçivəsində Antonio Kosta Türkiyənin mühüm tərəfdaş olduğunu bildirdi

Antonio Kostanın Türkiyə Prezidenti R.T.Ərdoğanla görüşü / AA

Avropa İttifaqı Şurasının sədri Antonio Kosta BMT Baş Assambleyasının iki dövlətli həll konfransı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə, Rusiyaya qarşı müharibədə Ukraynaya göstərdiyi dəstəyə görə rəsmi Ankaranın səylərini yüksək qiymətləndirib.

A.Kosta sentyabrın 22-də verdiyi açıqlamada görüşün yaxşı keçdiyini bildirərək deyib:
“Türkiyə Könüllülər Koalisiyasının səylərinə töhfə verməklə Ukraynanı dəstəkləməkdə mühüm tərəfdaşdır.”

O, həmçinin Avropa İttifaqının “ədalətli və daimi sülh” üçün birlikdə işləməyə davam edəcəyini vurğulayıb.

 

“Daimi sülh üçün hər sahədə liderliyə hazırıq”

Sentyabrın 4-də Parisdə keçirilən sonuncu “Könüllülər Koalisiyası” toplantısı, Rusiya ilə davam edən müharibədə Ukraynaya yeni təhlükəsizlik öhdəlikləri ilə yadda qalıb. Müharibənin əvvəlindən etibarən rəsmi Moskva ilə Kiyev hökuməti arasında balanslı mövqe tutmağa çalışan Türkiyə dövləti həmin toplantıda sülh üçün səylərini davam etdirməkdə qərarlı olduğunu bir daha bəyan edib.

Paris sammitindən sonra açıqlama verən Türkiyə prezidentinin köməkçisi Cevdət Yılmaz bildirib ki, rəsmi Ankara Rusya-Ukrayna müharibəsində “daimi sülhün bərqərar olması üçün hər sahədə qabaqcıl rol oynamağa hazırdır.”

Xatırladaq ki, Ankara rəhbərliyi bundan əvvəl də Rusiya və Ukrayna rəsmiləri arasında birbaşa görüşlərə ev sahibliyi etmişdi. Bundan əlavə, 2022-ci ildə müharibənin başlanmasından sonra atılan ən mühüm diplomatik addımlardan biri hesab edilən Qara dəniz taxıl sazişinə Türkiyə vasitəçilik etmişdi.