Venesuelanın paytaxtı Karakasda çoxlu sayda partlayış baş verib

Nikolas Maduro rəsmi Vaşinqtonla əməkdaşlığa açıq olduqlarını bildirib

By
Venesuelanın paytaxtı Karakasda çoxlu sayda partlayış baş verib / AP

AFP-dən verilən məlumata görə, dekabrın 3-də (bu gün) yerli vaxtla gecə saat 02:00 radələrində Venesuelanın paytaxtı Karakasda güclü partlayışlar baş verib.

Partlayışlar ABŞ prezidenti Donald Trampın Karib hövzəsinə dəniz qüvvələrindən ibarət əməliyyat qrupunun yerləşdirildiyini açıqlamasından və Venesuelaya qarşı mümkün quru hücumlarını gündəmə gətirməsindən sonra baş verib.

Xatırladaq ki, Donald Tramp dekabrın 29-da verdiyi açıqlamada Venesuelaya aid olduğu iddia edilən narkotik qayıqlarının istifadə etdiyi bir sahənin ABŞ tərəfindən vurularaq məhv edildiyini demişdi. Bunun hərbi əməliyyat olub-olmadığını və ya Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilib-keçirilmədiyini açıqlamayan D.Tramp hücumun harada baş verdiyi barədə də konkret məlumat verməyərək yalnız “sahilboyu ərazi” ifadəsini işlətmişdi.

Sözügedən hadisə Venesuela ərazisinə qarşı həyata keçirilmiş ilk məlum quru hücumu ola biləcəyi ehtimal edilir.

Lakin Venesuela prezidenti Nikolas Maduro dekabrın 29-da baş verdiyi iddia olunan hücumu nə təsdiqləyib, nə də təkzib etmişdi. Bununla belə, o, yanvarın 1-də verdiyi açıqlamada, həftələrdir davam edən ABŞ hərbi təzyiqlərinə baxmayaraq, rəsmi Vaşinqtonla əməkdaşlığa açıq olduqlarını bildirmişdi.

Qeyd edək ki, D.Tramp administrasiyası N.Maduronu narkotik kartelinə rəhbərlik etməkdə ittiham edir. N.Maduro isə bu iddiaları qətiyyətlə rədd edərək, ABŞ-nin əsas məqsədinin dünyanın ən böyük məlum neft ehtiyatlarına malik olan Venesuelada hakimiyyəti devirmək olduğunu iddia edir.

Vaşinqton rəhbərliyi Venesuela hava məkanını faktiki olaraq bağlayıb, yeni sanksiyalar tətbiq edib və Venesuela nefti daşıyan tankerlərin müsadirəsi barədə göstərişlər verərək rəsmi Karakas üzərində təzyiqləri artırıb.

Donald Tramp həftələrdir bölgədə narkotik kartellərinə qarşı quru hücumları ilə hədələyir və bu əməliyyatların “tezliklə” başlayacağını bildirirdi. Dekabrın 29-da baş verən hadisə bu hədənin ilk real nümunəsi kimi qiymətləndirilir.

ABŞ qüvvələri sentyabr ayından etibarən Karib dənizi və Sakit okeanın şərq hissəsində, Vaşinqtonun narkotik qaçaqçılarına aid olduğunu iddia etdiyi gəmilərə qarşı çoxsaylı hücumlar həyata keçirib.

Lakin ABŞ administrasiyası hədəf alınan gəmilərin narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğuna dair ictimaiyyətə konkret sübut təqdim etməyib. Bu isə əməliyyatların hüquqi legitimliyi ilə bağlı müzakirələrə səbəb olub.

ABŞ ordusunun yaydığı məlumatlara əsasən, sözügedən dəniz əməliyyatları zamanı təxminən 30 hücum qeydə alınıb və bu hücumlar nəticəsində 107 nəfər həlak olub.