ABŞ-nin bölgəyə davamlı təzyiqinə cavab olaraq NATO-nun Arktika missiyası təklif edilib

Danimarka və Qrenlandiya ABŞ-nin bölgəyə davamlı təzyiqinə cavab olaraq NATO-nun Arktika missiyasını təklif ediblər

By
Qrenlandiya / AFP

Həm Danimarka, həm də Qrenlandiya Kopenhagenin ada üzərində suverenliyini təsdiqləyərək, adanı satmaq üçün bütün təklifləri rədd edib.

ABŞ-nin Danimarkanın nəzarəti altındakı muxtar bölgəni ələ keçirmək təhdidləri davam edərkən, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ölkəsinin Qrenlandiya ilə birlikdə NATO-nun baş katibi Mark Rutteyə Arktikada NATO missiyası təklif etdiyini söyləyib.

Poulsen NATO-nun baş katibi Mark Rutte və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas ilə görüşlərdən sonra yanvarın 19-da Brüsseldə Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt ilə birgə mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Danimarka və Qrenlandiyanın Arktikada NATO missiyası təklif etdiyini təsdiqləyən Poulsen "Biz bunu müzakirə etdik və həmçinin belə bir təklif verdik" deyib.

Lakin Poulsen Ruttenin bu təklifə necə cavab verdiyi barədə məlumat verməyib.

Poulsen həmçinin ABŞ rəsmiləri ilə dialoqu davam etdirəcəklərini vurğulaıb və Danimarkanın geri çəkilməyəcəyini bildirib.

"Əgər ABŞ sabah NATO-dan çıxsa, bunu təkbaşına idarə etmək böyük bir çətinlik olardı", - deyə Poulsen bildirib və Trampın bəzi açıqlamalarının "həqiqətən incidici" olduğunu əlavə edib.

Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt müttəfiqlər arasında "qarşılıqlı müdafiəyə yönəlmiş" əməkdaşlıq və inkişaf yolu ilə "bütün qapıların açıq qaldığını" təkrarlayaraq, onların müdafiəsinin "ABŞ-nin müdafiəsi ilə birləşdiyini" bildirib.

Motzfeldt deyib: "Biz qrenlandiyalılar üçün bu prosesdə iştirakımızın ən vacib aspekti Qrenlandiya xalqı adından danışmaq və eyni zamanda onların maraqlarına xidmət edən yaxşı həllər tapmağa töhfə verməkdir. Biz bu işi yaxşı aparmışıq".

Danimarka Krallığının tərkibində muxtar bölgə olan Qrenlandiya strateji mövqeyi, geniş mineral ehtiyatları və bölgədə Rusiya və Çinin artan fəaliyyətindən narahatlığı səbəbindən ABŞ-nin diqqətini cəlb edir.

Donald Tramp dəfələrlə ABŞ-nin milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiyanı əldə etməli olduğunu və Rusiyanın və ya Çinin bölgəyə nəzarəti ələ keçirməsinin qarşısını almağın vacib olduğunu bildirib. Tramp həmçinin bu təşəbbüsə qarşı çıxan müttəfiqlərə tarif tətbiq etməklə hədələyib.

Həm Danimarka, həm də Qrenlandiya adanın satılması ilə bağlı bütün potensial təklifləri rədd edərək, Danimarkanın ada üzərində suverenliyini bir daha təsdiqləyib.