R.T.Ərdoğan: “Türkiyə iqtisadiyyatı 3,7 faiz artıb”
Dövlət başçısı R.T. Ərdoğan iqtisadi inkişafı, artan turizm gəlirlərini, Afrika ilə inkişaf edən ticarət əlaqələrini və müdafiə sahəsində yeni layihələri diqqətə çatdırıb
Prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də (bu gün) Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup iclasında çıxış edərək bildirib ki, Türkiyə iqtisadiyyatı üçüncü rübdə illik əsasda 3,7 faiz artım nümayiş etdirib. Bu göstərici 21 rübdür fasiləsiz şəkildə böyüməni davam etdirərək Türkiyəni İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr (OECD) arasında dördüncü pilləyə yüksəldib.
Ölkə başçısı R.T.Ərdoğan ayrıca ilk doqquz ayda turizm gəlirlərinin 50 milyard dollara çataraq bütün dövrlərin rekordunu yenilədiyini və ölkəyə gələn turistlərin sayının ötən illə müqayisədə 1,6 faiz artdığını qeyd edib.
Prezident Türkiyənin kredit risk göstəricisinin (CDS) 233 baza bəndinə qədər enərək son yeddi ilin ən aşağı səviyyəsinə düşdüyünü vurğulayıb. R.T.Ərdoğan bildirib ki, noyabr ayı üzrə inflyasiya 0,87 faiz təşkil edib, əsas mallarda inflyasiya isə kəskin geriləmə ilə 18 faizə enib və bu, hökumətin inflyasiyanın azaldılması proqramına dair gözləntiləri artırıb.
Afrika ilə ticarət əlaqələrinin genişlənməsi
Xarici əlaqələrə də toxunan dövlət başçısı R.T.Ərdoğan deyib ki, Türkiyənin Afrika ilə ticarət dövriyyəsi son iyirmi ildə 5 milyard dollardan 37 milyard dollara yüksəlib və hədəf 50 milyard dollardır.
Türkiyə şirkətlərinin Afrika qitəsində 10 milyard dollar həcmində investisiya həyata keçirdiyini, 2.000-dən çox layihəni ümumilikdə 97 milyard dollar dəyərində tamamladığını qeyd edib.
Bundan əlavə, “Türk Hava Yolları”nın 41 ölkədə 64 istiqamətə uçuş həyata keçirdiyini və Afrikada ən geniş uçuş şəbəkəsinə malik aviaşirkətlərdən biri kimi qiymətləndirildiyini bildirib.
Prezident R.T.Ərdoğan əlavə edib ki, 2026-cı il diplomatiya baxımından da dönüş nöqtəsi olacaq. Belə ki, Türkiyə həmin il COP31 konfransına, NATO Zirvəsinə və Türk Dövlətləri Təşkilatının 13-cü Zirvəsinə ev sahibliyi edəcək.
Prezident müdafiə sahəsində əldə olunan nailiyyətləri də vurğulayıb. Ölkə rəhbəri R.T.Ərdoğan qeyd edib ki, 29 noyabrda “Kızılelma” pilotsuz hücum təyyarəsinin hədəflənən sınağı uğurla həyata keçirməsi, Türkiyəyə hava müdafiəsi sahəsində “strateji üstünlük” qazandığının göstəricisidir.