Hollandiya xarici işlər naziri Türkiyənin NATO üçün əsas rol oynadığını bildirib
T.Berendsen Qəzza və işğal altındakı İordan çayının qərb sahilinə humanitar yardımın çatdırılması üçün beynəlxalq təzyiqlərin artırılmasına çağırış edib
Hollandiya xarici işlər naziri Tom Berendsen bildirib ki, NATO üzvlüyü təkcə Avropa üçün deyil, ABŞ-nin öz təhlükəsizlik maraqları baxımından da həyati əhəmiyyət daşıyır. O, Türkiyənin xüsusilə terrorla mübarizə və regional sabitliyin təmin edilməsi istiqamətində alyansın cənub qanadında strateji rol oynadığını vurğulayıb.
“Anadolu” agentliyinə Ankara səfəri zamanı danışan T.Berendsen Türkiyə–Hollandiya münasibətlərini, 2026-cı ildə Türkiyənin paytaxtında keçiriləcək NATO sammitinə hazırlıqları və daha geniş regional təhlükəsizlik məsələlərini müzakirə etdiklərini bildirib.
T.Berendsen Hollandiya ilə Türkiyə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib ki, təxminən altı həftə əvvəl vəzifəyə başlamasından sonra Türkiyəyə səfəri ilk xarici təmasları sırasına daxildir və bu, Hollandiyanın ikitərəfli əməkdaşlığa verdiyi əhəmiyyəti göstərir.
T.Berendsen bildirib: “Hazırda buradayam. Bu da Türkiyə ilə münasibətlərə nə qədər önəm verdiyimizi göstərir. Həqiqətən də NATO müttəfiqləri olaraq, daha geniş regionda təhlükəsizlik məsələlərinə gəldikdə Türkiyə çox mühüm rol oynayır və biz təhlükəsiz gələcəyi təmin etmək üçün bu ölkə ilə əməkdaşlıq etmək istəyirik.”
Türkiyənin NATO-nun cənub qanadında təhlükəsizliyin qorunmasında və terrorla mübarizə səylərinə verdiyi dəstəkdə roluna diqqət çəkən T.Berendsen bildirib ki, Ankara rəhbərliyi ilə əməkdaşlıq alyansın ümumi təhlükəsizlik mövqeyinin gücləndirilməsi baxımından əvəzsiz olaraq qalır.
Ankaradakı NATO sammiti haqqında
2026-cı ildə Ankarada keçirilməsi planlaşdırılan NATO sammitinə toxunan T.Berendsen bildirib ki, bu toplantı Türkiyənin alyans daxilindəki əhəmiyyətini nümayiş etdirəcək və üzv ölkələr arasında birliyin möhkəmləndirilməsinə kömək edəcək.
O qeyd edib ki, sammitin əsas məqsədlərindən biri “birlik nümayiş etdirmək” və Hollandiya ilə Türkiyə də daxil olmaqla Avropa müttəfiqləri arasında yük bölgüsünü gücləndirmək olacaq.
T.Berendsen xatırladıb ki, 2025-ci ildə Haaqada keçirilən NATO sammiti əsasən müdafiə xərclərinə və alyansın şərq qanadında Rusiya təhdidinə yönəlmişdi. Bununla yanaşı, NATO ərazisi üzrə daha geniş təhlükəsizlik çağırışlarının da nəzərə alınmasının vacibliyini vurğulayıb.
Məsələylə bağlı fikir bildiriən T.Berendsen deyib: “Son sammit müdafiə xərcləri ilə bağlı idi və əsas çağırış şərq qanadındakı Rusiya təhdidi idi. Əlbəttə, NATO əraziləri baxımından başqa təhdidlər də mövcuddur və Türkiyə cənub qanadında çox mühüm rol oynayır.”
ABŞ-nin NATO-dan çıxması ehtimalı ilə bağlı müzakirələrə toxunan T.Berendsen rəsmi Vaşinqtonun alyansda iştirakının davam etməsinin əvəzsiz olduğunu vurğulayıb.
“NATO təhlükəsizliyimiz üçün kritik əhəmiyyət daşıyır və mühüm NATO müttəfiqi kimi ABŞ da təhlükəsizliyimiz baxımından çox önəmlidir. Lakin NATO-da qalmaq və mühüm rol oynamaq ABŞ-nin öz maraqlarına da uyğundur. Çünki nəticədə hamımızın paylaşdığı ortaq təhlükəsizlik maraqları mövcuddur”, - deyə nazir qeyd edib.
T.Berendsen bildirib ki, Hollandiya da daxil olmaqla Avropa müttəfiqləri alyans daxilində daha çox məsuliyyət götürərək ABŞ-nin yük bölgüsü ilə bağlı narahatlıqlarına cavab verməyə hazırdır.
Regional gərginliklər və humanitar vəziyyətlə bağlı narahatlıqlar
Regional gərginliklərə toxunan T.Berendsen ABŞ, İsrail və İran arasında müvəqqəti atəşkəsdən sonra gərginliyin yenidən artma ehtimalından narahat olduğunu bildirib və yaxın dövrdə vəziyyətin necə inkişaf edəcəyinin qeyri-müəyyən qaldığını qeyd edib.
O, həmçinin İranın regiondakı fəaliyyəti və Hörmüz boğazındakı qeyri-sabitliyin Avropa bazarlarına mümkün iqtisadi təsirləri ilə bağlı narahatlıqlara diqqət çəkib.
Hollandiyalı nazir T.Berendsen gərginliyin azaldılması və regional aktorları əhatə edən uzunmüddətli planın hazırlanması üçün beynəlxalq koordinasiyanın vacibliyini vurğulayıb. O qeyd edib ki, belə bir plan İran xalqının qorunmasına yönəlmiş tədbirləri də əhatə etməlidir.
Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Livandakı vəziyyətə toxunan T.Berendsen bildirib ki, humanitar şərait hələ də narahatedici olaraq qalır və davam edən regional gərginliklərə baxmayaraq daimi diqqət tələb edir.
O, deyib: “Qəzzaya və işğal altındakı İordan çayının qərb sahilinə humanitar yardımın çatdırılmasını təmin etmək üçün beynəlxalq təzyiqə ehtiyac var. İşğal altındakı İordan çayının qərb sahilindəki zorakılıqdan, qeyri-qanuni israilli köçkünlərin törətdiyi zorakılıqdan narahatıq.”
T.Berendsen əlavə edib ki, Livanda artan gərginlik, xüsusilə qaçqınlar və daxili vəziyyət baxımından onsuz da həssas olan şəraiti daha da ağırlaşdıra bilər.
Nazir qeyd edib ki, Hollandiya bu prosesləri beynəlxalq tərəfdaşları ilə birlikdə izləməyə davam edir və eyni zamanda Avropa üçün “çox ciddi təhlükəsizlik riski” hesab edilən Rusiya–Ukrayna müharibəsini də yaxından izləyir.