“Rusiyanın ''Rosneft'' və ''Lukoil'' şirkətlərinin səhmləri kəskin şəkildə ucuzlaşıb
ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı yeni sanksiyalarından sonra hər iki şirkətin səhmləri ucuzlaşıb
ABŞ-ın ''Rosneft'' və ''Lukoil'' şirkətlərini, eləcə də onların törəmə şirkətlərini hədəf alan yeni sanksiyalarından sonra hər iki şirkətin səhmləri 5,2 milyard dollar dəyərində ucuzlaşıb.
''Rosneft'' səhmləri oktyabrın 24-də 3 faiz ucuzlaşaraq 4,12 dollara düşüb. Bu, 2023-cü ilin may ayından bəri ən aşağı səviyyədir. “Lukoil” şirkətinin səhmləri isə iki gün ərzində 7,2 faiz ucuzlaşıb.
Məlumata görə, “Lukoil”in əsas səhmdarı Vaqit Ələkbərov iki gün ərzində 1 milyard dollardan çox zərər görüb.
Analitiklərin fikrincə Donald Trampın Ağ Evə qayıtmasından sonra tətbiq edilən ilk sanksiyalar Rusiyanın enerji sektorunu daha da zəiflədə bilər.
“Astra Asset Management” şirkətinin investisiya məsələləri üzrə direktoru Dmitri Polevoy “Moscow Times” qəzetinə açıqlamasında deyib: “Xərclər optimallaşdırılarkən ixrac həcmləri azala bilər və Rusiya neftinə endirimlər genişlənə bilər”.
“Alfa Bank”ın analitikləri bildirirlər ki, sanksiyalarla bağlı narahatlıqlar səbəbindən “Rosneft” və “Lukoil” üçün xarici tərəfdaşların sayı azala bilər. Onların sözlərinə görə, bu, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri kimi əsas bazarlara neft tədarükünə mənfi təsir göstərə bilər.
Hesabatlara əsasən, “Rosneft”in mənfəəti 2025-ci ilin birinci yarısında bir, “Lukoil”in mənfəəti isə iki dəfə azalıb. Bu isə yeni sanksiyalar qarşısında şirkətlərin ciddi maliyyə təzyiqi ilə üzləşdiyini göstərir.
“Alor Broker” şirkətinin analitikləri qeyd ediblər ki, bazarın gələcək reaksiyası ABŞ-ın Rusiya neft ticarətini asanlaşdıran bankları da sanksiyalara daxil edib-etməməsindən asılı olacaq. Onlar bildiriblər ki, xarici banklar Rusiya şirkətlərinə rəsmi ödənişlər etməyə bilərlər, çünki neft adətən broker şirkətləri vasitəsilə satılır.
“Rosneft” və “Lukoil”in səhmləri oktyabrın 24-də Moskva Birjasında kəskin ucuzlaşıb.
Qeyd olunur ki, Rusiyanın iqtisadi məsələlər üzrə nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonun Moskvanın iki ən böyük neft şirkətinə sanksiya tətbiq etməsindən iki gün sonra ABŞ-a səfər edib.
Səfər ABŞ-ın Putinə qarşı artan narazılığı və Rusiya liderinin atəşkəs razılaşmasından imtina etməsi fonunda baş tutub.
ABŞ prezidenti Donald Tramp Budapeştə Putinlə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayaraq “boşa görüş istəmədiyini” bildirib.
Rəsmi ‘‘X’’ səhifəsində paylaşım edən Kirill Dmitriyev deyib: “Mən ABŞ-a ABŞ-Rusiya dialoqunu davam etdirmək üçün gəldim. Bu səfər bir müddət əvvəl ABŞ tərəfinin dəvəti ilə planlaşdırılmışdı”.
O, Rusiya xəbər agentliklərinə bildirib ki, Tramp administrasiyasının rəsmiləri ilə görüşlər zamanı Rusiyanın Ukrayna müharibəsi ilə bağlı mövqeyini izah edəcək. Dmitriyev TASS agentliyinə açıqlamasında deyib: “Təəssüf ki, Ukrayna bizə lazım olan dialoqu pozur – yenə də Britaniya və Avropalıların istəyi ilə, çünki onlar münaqişənin davam etməsini istəyirlər”.
Son sanksiya dalğası ilə bağlı danışan keçmiş “Goldman Sachs” bankiri Dmitriyev bildirib ki, bu tədbirlər əks effekt verəcək və ABŞ-da benzin qiymətlərinin artmasına səbəb olacaq.