Almaniya Qəzzada atəşkəs tədbiqini izləmək üçün hərbi personal göndərir

Almaniya dövləti Qəzzadakı atəşkəsin nəzarətinə və sülh planının icrasına dəstək məqsədilə İsraildə silahsız şəkildə fəaliyyət göstərəcək üç hərbi personal göndərir

Almaniya Qəzzadakı atəşkəs tədbiqini izləmək üçün hərbi personal göndərir / AP

Almaniya dövləti Qəzza atəşkəsi üzrə nəzarətə dəstək məqsədilə İsraildə ABŞ-ın rəhbərlik etdiyi Koordinasiya Mərkəzi vasitəsilə üç nəfərlik hərbi heyət göndərəcək. Bu barədə Almaniya Müdafiə Nazirliyinin (Bundeswehr) oktyabrın 18-də yaydığı məlumatda bildirilib.

Nazirliyin açıqlamasında deyilir: “Almanya hökuməti Qəzza üçün hazırlanan 20 maddəlik planı və sülh prosesini dəstəkləyərək atəşkəsin sabitlik qazanmasına və razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə töhfə verir.”

İlk mərhələdə Almaniya Müdafiə Nazirliyi gələn həftə Əməliyyat Komandanlığından iki zabit və bir generalı bölgəyə göndərəcək. Onların İsrailin cənubundakı Mülki-Hərbi Koordinasiya Mərkəzində (CMCC) forma geyinərək, silahsız şəkildə fəaliyyət göstərəcəkləri açıqlanıb. ABŞ-ın rəhbərlik etdiyi bu mərkəzin məsuliyyətlərinə Qəzza atəşkəsi üzrə nəzarəti, müharibə dağıntılarının təmizlənməsi və humanitar yardımın koordinasiyası daxildir. Həmçinin planlaşdırılan çoxmillətli sülhməramlı qüvvənin inteqrasiyası, təlimi və logistikasına da nəzarət ediləcək.

Müdafiə Nazirliyi bildirib ki, təyin olunan heyət silahlı əməliyyatlarda iştirak etməyəcək, buna görə də verilən qərarın Almaniya parlamentinin təsdiqinə ehtiyacı yoxdur.

Qeyd edək ki, amerikalı general tərəfindən idarə olunan CMCC təxminən 200 amerikalı hərbçi ilə fəaliyyətə başlayıb.

 

D.Trampın atəşkəs planı

Xəbər verildiyi kimi, bir sıra dünya liderləri və regional tərəflər ötən həftə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən sammitdə ABŞ prezidenti Donald Trampın 20 maddəlik Qəzzadakı atəşkəs planını təsdiqləyiblər. İsrail ordusunun son dövrdəki bəzi qayda pozuntularına yol verməsinə baxmayaraq, planın icrası davam etdirilir.

Planın ilk mərhələsində “Həmas” 20 israilli əsiri azad edib, İsrail isə təxminən 2.000 fələstinlini həbsdən buraxıb. Bundan başqa, İsrail ordusu sıx məskunlaşmış bölgələrdən çəkilməyə başlayıb və Qəzzaya humanitar yardımların daxil olmasına icazə verib.

Sonrakı mərhələlərdə isə “Həmas”ın silahsızlaşdırılması, müvəqqəti texnokratik idarəetmə mexanizminin qurulması və sərhəd təhlükəsizliyini təmin etmək üçün beynəlxalq qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, son iki ildə İsrail ordusunun Qəzzaya qarşı törətdiyi soyqırım nəticəsində, yerli səhiyyə qurumlarının məlumatına görə, çoxu qadın və uşaq olmaqla təxminən 68 min fələstinli öldürülüb, 170 minə yaxın insan yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının müstəqil beynəlxalq araşdırma komissiyası ötən ay İsrailin Qəzzada soyqırımı törətdiyini təsdiqləyib.

Qəzza bölgəsinə tətbiq edilən blokada və mühasirə son aylarda yüzlərlə fələstinlinin ölümünə səbəb olan aclıq böhranını da dərinləşdirib.