Türkiyə XİN:''Qəzzada atəşkəs açıq şəkildə pozulub''

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hücumları ilə bağlı bəyanat yayıb

Türkiyə XİN:''Qəzzada atəşkəs açıq şəkildə pozulub'' / Public domain

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hücumları ilə bağlı bəyanat yayıb.

Nazirliyin yaydığı bəyanatda deyilir: “Hücum nəticəsində mülki əhali arasında itkilər olduğuna dair yayılan məlumatlardan narahatıq’’. Bəyanatda regional təhlükəsizliyin təmin edilməsi üçün atəşkəsə tam riayət olunması çağırışı edilib.

Bəyanatda həmçinin bu ifadələrə yer verilib: “Təl-Əviv administrasiyasını atəşkəsin şərtlərinə əməl etməyə və sülh ilə sabitliyi pozacaq hər hansı addımdan çəkinməyə çağırırıq’’.

Nazirlik Türkiyənin Fələstin xalqı ilə həmrəy olduğunu bəyan edərək bölgədə ədalətli və davamlı sülhün təmin olunması üçün göstərilən səyləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.

İsrail ordusu oktyabrın 28-də Baş nazir Binyamin Netanyahunun hücum əmrindən sonra Qəzzaya zərbələr endirib. Netanyahu ‘‘Həmas’’ı atəşkəsi pozmaqda günahlandırıb, lakin bu iddia üçün heç bir dəlil təqdim etməyib.

Hücumlar nəticəsində çox sayda fələstinli həlak olub. Fələstin rəsmilərinin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzzaya endirdiyi zərbələr nəticəsində 68.500-dən çox insan ölüb, 170.000-dən çox insan isə yaralanıb.