31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı

31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

By
Azərbaycan / AA

Azərbaycan torpaqlarında erməni silahlı birləşmələrinin 108 il əvvəl törətdiyi qətliam ölkə tarixinin ən dəhşətli qırğınlarından biri hesab olunur.

20-ci əsrin əvvəllərində, Çar Rusiyasının son dövrlərində Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirilmiş ermənilər hakimiyyət boşluğundan istifadə edərək azərbaycanlıları qətlə yetirməyə və onlara aid torpaqları ələ keçirməyə başladılar.

1905-ci ildən etibarən təşkilatlanıb silahlanan ermənilər azərbaycanlıları bezdirmək üçün başda Bakı olmaqla bütün bölgələrdə iğtişaşlar törətdilər.

1917-ci ildə Rusiya baş vermiş inqilab və imperiyanın dağılması regionda siyasi boşluq yaratmışdı. Bakı və ətraf ərazilərdə sovet qüvvələri ilə yanaşı, erməni silahlı birləşmələri də antitürk fəaliyyət göstərirdi. Bolşeviklər və erməni silahlı dəstələri Bakının strateji əhəmiyyətini bilir və şəhərin üzərində tam nəzarəti təmin etməyə çalışırdılar.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər 50 min azərbaycanlıyı qətlə yetirdilər.

Qətliam "Qafqaz İslam Ordusu" adlanan Osmanlı ordusunun Azərbaycana köməyə gəlməsi və ölkəni dəstələrdən təmizləməsi ilə sona çatdı.

Azərbaycanda 1918-ci ildə ermənilər tərəfindən tətbiq edilən zülm və qətliam "soyqırımı" olaraq qəbul edilir.

Mərhum Prezident Heydər Əliyev 1998-ci ildə imzaladığı fərmanla 31 martın "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunmasına qərar vermişdi.

"1918-ci il hadisələri soyqırımı kimi tanınmalıdır"

Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva 1918-ci ilin mart-aprel aylarında yaşanan hadisələrin azərbaycanlılara qarşı sistemli hücumların ən qanlı və faciəvi nümunələrindən biri olduğunu bildirib.

S.Əliyeva “Anadolu” agentliyi müxbirinə verdiyi açıqlamada xüsusilə 20-ci əsrin əvvəllərində ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan torpaqlarında azərbaycanlılara qarşı sistemli və amansız cinayətlərin törədildiyini ifadə edib.

Sözügedən prosesdə minlərlə günahsız insanın milli və dini kimliyinə görə öldürüldüyünü qeyd edən S.Əliyeva bu hadisələrin tarixə kütləvi qətliamlar kimi düşdüyünü vurğulayıb.

Ombudsman azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin beynəlxalq səviyyədə tanınmasının və ədalətin bərqərar olmasının gələcəkdə bəşəriyyətə qarşı bənzər cinayətlərin təkrarlanmaması baxımından böyük önəm daşıdığını dilə gətirib.

Beynəlxalq təşkilatlara və Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərə çağırış edən S.Əliyeva deyib: "Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı cinayətlərinə qarşı prinsipial mövqe nümayiş etdirilməli və 1918-ci il hadisələri soyqırımı kimi tanınmalıdır".

"Azərbaycanlılar etnik və dini kimlikləri səbəbindən hədəf alınıb"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Dr. Dilqəm Əhməd 1918-ci ildə Azərbaycanda baş verən hadisələrin bölgənin yerli ünsürləri olan müsəlman və türk əhalini hədəf alan planlı bir qətliam olduğunu qeyd edib.

D.Əhməd 28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı 36 cildlik hesabatın Bakı və ətrafında yaşananların miqyasını aydın şəkildə ortaya qoyduğunu bildirib.

Sözügedən hesabatın hüquqi əsaslarla hazırlandığını vurğulayan D.Əhməd sənədlərdə Bakıda 11 min, Şamaxı şəhər mərkəzində təxminən 10 min, Şamaxının kəndlərində isə 10 mindən çox insanın həyatını itirdiyinin qeydə alındığını, qurbanların ad siyahılarının da mövcud olduğunu qeyd edib.

Qubada aşkar edilən kütləvi məzarlıqların yaşananların konkret sübutu olduğunu deyən D.Əhməd burada da təxminən 4 min nəfərin öldürüldüyünü bildirib.

Qarabağ və Zəngəzur bölgələrində baş verənlərlə birlikdə ümumi can itkisinin ən azı 50 minə çatdığını qeyd edən D.Əhməd bu hadisələrin erməni silahlı qruplarının daha çox torpaq əldə etmək və "Böyük Ermənistan" hədəfi istiqamətində həyata keçirdiyi sistematik fəaliyyətlər olduğunu deyib.

D.Əhməd həmçinin dövrün bolşevik rəhbərliyinin də sözügedən hadisələrdə mühüm rol oynadığını bildirərək, Vladimir Leninin rəhbərliyindəki bolşeviklərin erməni qruplara dəstək verdiyini qeyd edib.

Köhnə sovet dövründə nəşr olunan əsərlərdə hadisələrin azərbaycanlıların "Müsavat" partiyası ilə ermənilərin "Daşnaksütun" partiyası arasındakı bir qarşıdurma kimi qələmə verildiyini bildirən D.Əhməd deyib: "Həqiqətlər uzun müddət gizlədildi. Halbuki yaşananlar azərbaycanlıların etnik və dini kimlikləri səbəbindən hədəf alındığı bir qətliam idi".