Əminə Ərdoğan qəzzalı uşaqların təhsil hüququ ilə bağlı bəyannaməni imzaladı

Bəyannamə Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü münasibətilə yayımlanıb və liderlərin həyat yoldaşları, ölkə rəhbərləri və beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmiləri tərəfindən imzalanıb

/ AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 15-də Qətərin paytaxtı Dohada keçirilən ərəb və İslam ölkələrinin fövqəladə sammitində həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

Əminə Ərdoğan sammit çərçivəsində Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin anası, ictimai xadim Şeyxa Moza bint Nasser ilə görüşüb.

Sammitdən sonra Şeyxa Moza bint Nasser tərəfindən təsis edilən “Education Above All” (Təhsil hər şeydən üstündür) fondu tərəfindən “Münaqişə zonalarında yaşayan uşaqların təhsili üçün ağır bir il” adlı birgə bəyannamə yayımlanıb.

Bəyannamə Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü münasibətilə yayımlanıb və liderlərin həyat yoldaşları, ölkə rəhbərləri və beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmiləri tərəfindən imzalanıb.

Sənəddə böhranın yaşandığı bölgələrdə uşaqlara və təhsil infrastrukturuna qarşı davam edən hücumlara son qoymaq üçün təcili tədbirlərə çağırış edilib. Həmçinin münaqişə zonalarında yaşayan uşaqlar üçün 2024-cü ilin tarixdə ən ağır illərdən biri olduğu qeyd olunub. Bir araya gələn liderlərin xanımları hazırkı ilin uşaqlar üçün xüsusilə ağır keçdiyini vurğulayıblar.

Bəyannamədə uşaqların təhsil hüquqlarını hədəf alan vəhşi hücumların – xüsusilə Qəzzada, eləcə də Sudan, Ukrayna, Myanma, Kolumbiya və dünyanın digər münaqişə bölgələrində – davam etdiyi xüsusi olaraq qeyd olunub.

Sənəddə Qəzzada soyqırımın və mülki əhalinin yaşadığı ərazilərə hücumların davam etdiyi bildirilib. Sənəddə həmçinin qeyd olunub ki, bu hücumlarla paralel olaraq, Fələstin təhsil sistemi, kitabxanalar və universitetlər qəsdən və tam şəkildə məhv edilir.

Bəyannamədə vurğulanıb ki, bu addımlar Qəzzanın intellektual, mədəni və sosial həyatını tamamilə silməyə yönəlmiş məqsədli bir strategiyanın tərkib hissəsidir. Bəyannamənin sonunda liderlərin həyat yoldaşları belə bir mesaj veriblər: ‘‘Bu gün biz bu soyqırıma son qoyacaq hərəkatın bir hissəsi olaraq birləşirik və uşaqların öyrənərək sağalmasına kömək etmək üçün fəaliyyətimizi davam etdirəcəyimizə söz veririk’’.

Bəyannamə Əminə Ərdoğan, Qətər Təhsil Fondunun prezidenti və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin müdafiəçisi Şeyxa Moza bint Nasser, Bosniya və Herseqovina Prezident Şurasının bosniyalı üzvü Denis Beciroviçin həyat yoldaşı Mirela Beciroviç, Kolumbiya prezidentinin həyat yoldaşı Veronika Alkoser Qarsiya,  Qambiya prezidentinin həyat yoldaşı Fatumata Bah-Barrov,  Sierra Leone Respublikası prezidentinin həyat yoldaşı Fatima Maada Bio, Petra Milli Fondunun prezidenti və YUNESKO-nun Mədəni İrs üzrə xoşməramlı səfiri Şahzadə Dana Firas; Malayziyanın baş nazirinin həyat yoldaşı Van Əzizah İsmayıl və Şotlandiyanın keçmiş baş naziri Həmzə Yusuf ilə yanaşı çox sayda rəsmi şəxst tərəfindən imzalanıb.

Əminə Ərdoğan rəsmi "NSosyal" səhifəsində etdiyi paylaşımda 2009-cu il yanvarın 10-da liderlərin həyat yoldaşları ilə birlikdə İstanbulda keçirilən “Fələstində Sülhün Bərqərar Olması üçün Qadınlar Toplantısı”nda bir araya gəldiklərini və həmin toplantıda “İstanbuldan Qəzzaya dəstək çağırışı”nı dünyaya elan etdiklərini xatırladıb. O bildirib ki, bu çağırış 2023-cü ilin noyabrında İstanbulda təşkil olunan “Fələstin üçün bir ürək – liderlərin xanımları” sammitində yenidən səsləndirilib. Əminə Ərdoğan deyib: ‘‘Bu gün də dəyərli dostu, Təhsil Fondunun prezidenti və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müdafiəçisi Şeyxa Moza bint Nasserin rəhbərliyi ilə qəbul edilən bəyannamə ilə səsimizi bir daha dünyaya çatdırırıq’’.

Əminə Ərdoğan qeyd edib ki, Qəzza başda olmaqla, münaqişənin yaşandığı bölgələrində uşaqları və təhsil sistemlərini hədəf alan pozuntulara dərhal son qoyulmalı və bu istiqamətdə təcili tədbirlər görülməlidir.

“Çünki təhsil hüququndan məhrum edilən hər bir uşaq, gələcəyimizin qoparılan bir parçasıdır. Arzumuz odur ki, uşaqlar yaşamaq hüququndan məhrum edilməsin, hər bir uşaq qələmə, dəftərə, sinif otağına sahib olsun. Hər kəsi bu çağırışa qoşulmağa dəvət edirəm”, – deyə Əminə Ərdoğan paylaşımında vurğulayıb.

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi amansız hücumlar nəticəsində 65 mindən çox insanın həyatını itirməsinə biganə qalmayan Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 20213-cü il noyabrın 15-də İstanbulda bir araya gələn liderlərin həyat yoldaşları “Fələstin üçün bir ürək” mesajını verdilər.

Qəzzada günahsız mülki insanları xilas etmək və bölgədə sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu dəfələrlə vurğulayan Əminə Ərdoğan bu təşəbbüs çərçivəsində keçirilən toplantıya ev sahibliyi etdi. Tədbirdə müxtəlif ölkələrdən dövlət və hökumət başçılarının həyat yoldaşları, eləcə də xüsusi nümayəndələr iştirak etdilər.

Toplantı zamanı Qəzzanın günahsız əhalisinin iztirablarına son qoyulması və humanitar böhranın həlli üçün güclü həmrəylik nümayiş etdirildi.

Əminə Ərdoğan həmçinin 2009-cu il yanvarın 10-da keçirilmiş “Fələstində Sülhün Bərqərar Olması üçün Qadınlar Toplantısı”na da rəhbərlik etmişdi. Toplantı İsrailin Qəzzaya hücumlarının intensivləşdiyi və təxminən iki həftə ərzində 800 nəfərin həyatını itirdiyi bir zamanda keçirilmişdi.

Toplantı çərçivəsində Əminə Ərdoğan kürsüdən “İstanbuldan Qəzzaya dəstək çağırışı”nı oxumuşdu. Bu mətn tədbirdə iştirak edən liderlərin həyat yoldaşları tərəfindən yekdilliklə dəstəklənmişdi.