Bu gün sizə Türkiyənin əvəzolunmaz içəcəyi, səhərlərimizin ayrılmaz hissəsi olan çayın valehedici hekayəsindən bəhs edəcəyik.
Çay bitkisinin dünyaya Çindən yayıldığını bilirdiniz? Çay yarpaqlarının isti suda dəmlənməsi ilə əldə olunan bu möhtəşəm içəcək, tərkibindəki tein maddəsi sayəsində yorğunluğumuzu azaldır, zehni fəaliyyətimizi aktivləşdirir, kapilyar damarlarımıza oksigen daşıyaraq ağrıları alır. Elə buna görə də səhər yeməyindən başlayaraq gün boyu onu istifadə edirik.
Adətən hamı tərəfindən bilinən çaylar: qara çay, yaşıl çay və ağ çaydır. Kimisi şəkərlə içir, kimisi südlə, kimisi isə limonla. Qeyd edək ki, hətta Azərbaycanın bəzi bölgələrində çay qızıl gül suyu əlavə edilərək içilir.
Qeyd edək ki, çay həm qışda dəmli və isti şəkildə, həm də yayda buz kimi soyuq halda da içilir. Bəs çay Türkiyəyə necə gəldi? Əsas hekayə elə burada başlayır.
Əvvəla bunu deyək ki, çay XVII əsrdən etibarən Osmanlı İmperiyasında da tanınır və istifadə olunurdu. Təsəvvür edin, qəhvəni Avropaya yayan və sevdirən türklər XX əsrə gəlib çıxanda öz torpaqlarında çay istehsal etməyə qərar verdilər.
Belə ki, 1917-ci ildə “Halkalı Ziraat Məktəbi”nin müdiri Əli Rza Erten bəyin rəhbərliyi ilə aparılan araşdırmalar nəticəsində çay məhsulunun yetişdirilməsi üçün ən uyğun bölgənin Qara dəniz sahilləri olduğu müəyyən edildi.
1923-cü ildə Türkiyə Respublikası qurulduqdan dərhal sonra çay məsələsi də diqqətdən kənarda qalmadı. 1924-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən 407 saylı qanunla “Rize vilayətində və Borçka qəzasında fındıq, portağal, mandarin, limon və çay yetişdirilməsi” barədə qərar verildi. Beləliklə, əsas yetiştirilmə yeri olan Şərqi və Cənubi Asiyaya alternativ istehsal istiqamətində addım atıldı. Nəticədə isə çay türklər tərəfindən o qədər sevildi ki, demək olar, milli içəcəyə çevrildi.
Türkiyədə çayın istifadə miqdarı
Rize Çay Araşdırmaları və Tətbiqi Mərkəzi tərəfindən verilən məlumata görə, Türkiyə əhalisinin 96 faizi hər gün çay içir. Gündəlik çay istifadəsi 245 milyon stəkandan artıqdır. Adambaşına düşən illik istifadə miqdarı isə 3,5–4 kiloqram quru çay səviyyəsindədir. Türkiyə adambaşına ən çox çay istifadə edən ölkə olmaqla yanaşı, dünyanın ən böyük üçüncü çay bazarına malikdir.
Türkiyədə istehsal olunan çayın yarıdan çoxu Rizedə yetişdirilir. İlin böyük hissəsində yağıntılı olan Qara dəniz bölgəsində Trabzon, Artvin, Ordu və Giresun kimi vilayətlərdə də çay istehsalı həyata keçirilir. Bu sahə regionun əsas gəlir və məşğulluq mənbələrindən biridir.
Çayın buradakı əhəmiyyəti hətta memarlıqda da öz əksini tapıb. Belə ki, Rize–Artvin Hava Limanının qülləsi incə belli çay stəkanı formasında inşa edilib. Qara dəniz bölgəsində özəl sektora məxsus 229, dövlətə aid isə 45 çay emalı müəssisəsi fəaliyyət göstərir. Bu bölgədə yetişdirilən çay isə dünyada “Türk çayı” kimi tanınır.
Son illərdə məhsul növünün müxtəlifliyi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, ÇAYKUR çay firması aralarında orqanik, yaşıl, ağ və toz halında olan növlərin də yer aldığı 25 müxtəlif çay və çay məhsulu istehsal edir. Həmçinin Rize Rəcəb Tayyib Ərdoğan Universitetinin nəzdində “Çay Gen Bankı” yaradılıb. Hətta Şri-Lankada bir çay növünə “Ərdoğan çayı” adı verilib. Çayla bağlı qürurverici daha bir məqam isə budur ki, Türkiyə çayı UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilib.
Çay stəkanının quruluş mənası
İndi isə ən maraqlı məqama keçid edək. Heç düşünmüsüz, evdə və ya qonaqlıqda istifadə etdiyimiz çay stəkanları niyə həmişə incə belli olur?
Bildiyimiz kimi, çay Türkiyədə təkcə içəcək deyil, eyni zamanda bir söhbətin başlanğıcıdır. Qonağa “Gəl bir çay içək” demək, əslində “Gəl, bir az oturub söhbət edək” mənasına gəlir. Və bu çay hər zaman incə belli, yəni armudu stəkanda təqdim olunur.
İncə belli stəkanın aşağı hissəsi dar, yuxarı hissəsi isə geniş olur. Bu xüsusiyyət sayəsində alt hissədəki çay isti qalır, üst hissəsi isə bir qədər soyuyur və beləliklə də çayın içilməsi asanlaşır. Yəni o kiçik “bel” əslində çayın ideal temperaturda qalmasını təmin edir.
Bundan əlavə, stəkan şüşədən hazırlandığı üçün çayın rəngi aydın görünür. Bu sayədə süzülən çayın açıq, yoxsa dəmli olub olmadığı dərhal seçilir. İdeal rəngdə olan çay pürrəngi və ya Türkiyədəki adı ilə “dovşan qanı” kimi təsvir olunur.
Digər mühüm məqam isə budur ki, stəkanın incə hissəsi sayəsində stəkan əlin içinə rahat yerləşir, qaynar hissəyə toxunmadan rahatça tutula bilir. Bu da həm zərif görüntü verir, həm də barmaqları yandırmır!
Bu gün çayxanalarda, evlərdə, ofislərdə, kəndlərdə, bir sözlə hər yerdə eyni stəkan istifadə olunur. İncə belli armudu çay stəkanı artıq türk mədəniyyətinin ən tanınan simvollarından birinə çevrilib. Çindən başlayıb Qara dənizin yamyaşıl təpələrində kök salan, süfrələrimizin baş tacına çevrilən bir simvol.






















