Məntiq qalib gəldi: Dünya liderləri İran-ABŞ atəşkəsini məmnuniyyətlə qarşıladı
Avropa, Körfəz və Asiyadan çox sayda lider iki həftəlik müddətə əldə edilən atəşkəsi və İranın Hörmüz boğazını yenidən açmaq qərarını müsbət qarşıladı
Avropa, Körfəz və Asiyadan çox sayda lider iki həftəlik müddətə əldə edilən atəşkəsi və İranın Hörmüz boğazını yenidən açmaq qərarını müsbət qarşıladı, lakin daimi həll üçün davamlı diplomatiyaya ehtiyac olduğunu bildirdi.
ABŞ və İran arasındakı atəşkəs sazişindən sonra beynəlxalq reaksiyalar gəlməkdə davam edir. Çox sayda ölkə iki həftəlik atəşkəsə ehtiyatlı şəkildə dəstək verdi və təmkinli olmağa çağırdı. Ölkələr həmçinin qalıcı diplomatik həllə doğru istiqamət qazanmağın vacibliyini vurğuladılar.
ABŞ və İran ABŞ prezidenti Donald Trampın İranı məhv edəcəyi ilə bağlı bu gün (8 aprel 2026) səsləndirdiyi təhdid və elan etdiyi son tarixdən cəmi bir saat əvvəl, iki həftəlik atəşkəs barədə razılığa gəldilər. Bu inkişaf qlobal rahatlıqla yanaşı, narahatlığa da səbəb oldu.
Rəsmi Tehran dünyanın neft, qaz və gübrə hərəkətinin böyük hissəsinin keçdiyi Hörmüz boğazını müvəqqəti olaraq yenidən açmağa razılaşaraq, qlobal iqtisadiyyatın narahatlıqlarını azaltdı.
Açıqlama beynəlxalq aləmdə geniş şəkildə məmnuniyyətlə qarşılansa da, qarşıdurmaların yenidən başlamasının qarşısını almaq üçün hələ görüləcək çox iş olduğu qeyd edildi. BMT Baş katibi Antonio Quterreş bütün tərəfləri "qalıcı və hərtərəfli sülhə gedən yolu açmağa" çağırdı.
Türkiyə
Ankara bu inkişafı məmnuniyyətlə qarşıladı. Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada deyilib: “Müvəqqəti atəşkəsin sahədə tam şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayır və bütün tərəflərin əldə olunmuş razılığa sadiq qalacağına ümid edirik”.
Açıqlamada qalıcı sülhə gedən yolun yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad vasitəsilə təmin edilə biləcəyi qeyd olunaraq, "İslamabadda keçiriləcək müzakirələrin uğurla nəticələnməsi üçün istənilən dəstəyi verməyə davam edəcəyik", -deyə bildirilib.
Açıqlamada həmçinin, “Bu prosesdə üzərinə götürdüyü rola görə qardaş Pakistanı təbrik edir, sülhə töhfə verən bütün təşəbbüslərin davamını diləyirik” ifadələri işlədilib.
Pakistan
Pakistan Baş naziri Şahbaz Şərif atılan addımı məmnuniyyətlə qarşılayaraq "müdrik bir jest" ifadəsini işlədib. Şərif həmçinin hər iki ölkənin rəhbərliyinə təşəkkürünü bildirib.
Hər iki tərəfin nümayəndə heyətlərini yekun sazişə nail olmaq məqsədilə müzakirələr aparmaq üçün 10 apreldə İslamabada dəvət edən Pakistan Baş naziri: "Bu müdrik jesti səmimiyyətlə qarşılayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirirəm və heyətləri bütün ixtilafları həll etmək və qəti saziş əldə etmək üçün müzakirələrə dəvət edirəm" deyib.
Rusiya
Rusiya Təhlükəsizlik Şurasının müavin sədri Dmitri Medvedev verdiyi açıqlamada ABŞ-İran atəşkəsinin sağlam düşüncənin qalib gəldiyini göstərdiyini, lakin artıq "ucuz neft olmayacağını" bildirib.
Çin
Çin ABŞ-İran atəşkəsini məmnuniyyətlə qarşılayıb və Pekinin də qarşıdurmaları dayandırmaq üçün "səy göstərdiyini" bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq “Anadolu” agentliyinin sualına cavab olaraq bildirdi ki, Pekin Pakistan tərəfinin göstərdiyi səyləri yüksək qiymətləndirir.
Mao Çinin "Körfəz və Yaxın Şərq regionunda uzunmüddətli sabitliyi təmin etmək üçün atəşkəsi və münaqişənin siyasi yollarla həllini müdafiə etdiyini" qeyd edib.
Malayziya
Malayziya Baş naziri Ənvər İbrahim İranın təklif etdiyi 10 maddəlik planın Vaşinqton tərəfindən qəbul edilməsini müsbət qarşılayaraq "müsbət bir inkişaf" adlandırıb.
İbrahim “X” sosial media hesabında etdiyi paylaşımda deyib: "Bu təklif yalnız region üçün deyil, dünyanın qalan hissəsi üçün də sülh və sabitliyin bərpası baxımından ümidvericidir".
O, qalıcı həllin İrandan da kənara çıxaraq İraq, Livan və Yəməndəki sabitliyi də əhatə etməsinin vacibliyini vurğulayıb.
İbrahim Pakistanın Baş naziri Şahbaz Şərifi "yorulmaz və cəsarətli diplomatiyasına" görə tərifləyib və İslamabadın bütün tərəflərlə qarşılıqlı əlaqədəki rolunu dilə gətirib.
Yaponiya
Digət tərəfdən, “Kyodo News”un məlumatına görə, Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara atəşkəsi "müsbət addım" adlandıraraq, gərginliyi mənalı şəkildə azaltmağın ən vacib prioritet olaraq qaldığını vurğulayıb.
Avstraliya
Avstraliya da ABŞ, İsrail və İran arasındakı razılaşmanı məmnuniyyətlə qarşılayıb. Baş nazir Entoni Albaneze bildirib ki, bu, Yaxın Şərqdəki münaqişəyə gətiriləcək həll yolunu müzakirə etmək üçün imkan yaradır.
Yeni Zelandiya
Yeni Zelandiya Xarici İşlər Naziri Uinston Piters iki həftəlik atəşkəs sazişini müsbət qarşılayıb, lakin qalıcı həll üçün mühüm işlərin davam etdiyini vurğulayıb.
Oman
Oman açıqlamanı məmnuniyyətlə qarşılayıbı və münaqişəyə qalıcı həll tapmaq üçün səylərin intensivləşdirilməsi çağırışını edib.
Xüsusilə Pakistanın rəhbərliyi ilə aparılan vasitəçilik səylərinə təşəkkür edilib.
Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ Prezidentinin diplomatiya üzrə müşaviri Ənvər Qarqaş bildirib ki, iki ölkənin iki həftəlik atəşkəs elan etməsi ilə ölkəsi ABŞ-İran müharibəsindən zəfərlə çıxıb.
Qarqaş deyib: “BƏƏ səmimiyyətlə imtina etməyə çalışdığımız bir müharibədən zəfərlə çıxdı”.
Misir
Misir verdiyi açıqlamada bu inkişafı müzakirələri irəlilətmək üçün “kritik fürsət” kimi xarakterizə edib.
Açıqlamada regional ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi vurğulanıb.
İraq
İraq açıqlamanı müsbət qarşılayıb və bu addımın bölgədə "təhlükəsizlik və sabitliyi gücləndirməyə" kömək edəcəyini bildirib.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı atəşkəsi məmnuniyyətlə qarşılayıb və iki həftəlik gərginliyin azaldılması prosesinə dəstək verdib.
Ər-Riyad həmçinin Hörmüz boğazının məhdudiyyətsiz şəkildə naviqasiyaya açıq qalmasının zəruriliyini vurğulayıb.
Almaniya
Almaniya Kansleri Fridrix Merts açıqlamanı müsbət qarşılayıb.
Merts “X”-də etdiyi paylaşımda yazıb: "ABŞ və İranın dünən gecə nail olduğu iki həftəlik atəşkəsi məmnuniyyətlə qarşılayıram. Pakistana vasitəçiliyi üçün təşəkkür edirik”.
Böyük Britaniya
Britaniya Baş naziri Kir Starmer Baş nazirlik ofisinin yaydığı açıqlamada "Bölgəyə və dünyaya bir rahatlıq anı gətirəcək" atəşkəs sazişini məmnuniyyətlə qarşıladığını bildirib.
Fransa
Prezident Emmanuel Makron ABŞ və İran arasındakı atəşkəsi "çox yaxşı bir şey" kimi qiymətləndirib. O, atəşkəsin Livana da tam şamil edilməsini arzuladıqlarını bildirib.
İspaniya
İspaniya xarici işlər naziri Xose Manuel Albares dünyanın fəlakətə "təhlükəli dərəcədə yaxınlaşdığını" və Trampın İran mədəniyyətini məhv etmə təhdidinin qəbulolunmaz olduğunu qeyd edib.
İsrail
Netanyahu əldə olunmuş razılaşmanı zəiflətməyə çalışaraq, Trampın hücumları dayandırmaq qərarını dəstəklədiyini, lakin bunun şərtlərdən asılı olmasının vacibliyini bildirib.
Netanyahu bu inkişafı yalnız İranın hücumları dayandıracağı və boğazı açmacağı təqdirdə dəstəklədiyini və atəşkəsin Livana şamil edilmədiyini dilə gətirib.